“Real”ın baş məşqçisi Karlo Ançelotti “kral klubu” ilə əmək müqaviləsinin 2026-cı ilə qədər uzadılmasına münasibətini açıqlayıb.
Arena.az məlumat verir ki, italyan mütəxəssis bu barədə özünün sosial şəbəkə hesabı üzərindən paylaşma edib:
“Bu gün xoşbəxt gündür. “Real” və mən yeni, böyük uğurlar axtarışında birlikdə səyahətimizə davam edirik. Hər kəsə təşəkkür edirəm, Hala Madrid! (ispanca, İrəli Madrid! – redaktorun qeydi)” – Ançelotti yazıb.
Karlo Ançelotti “Real”ı 2021-ci ildən çalışdırır.
İtalyan mütəxəssis “Real”a qayıdışından sonra da “qaymaqlılar”a uğurlar qazandıra bilib. Təcrübəli mütəxəssisin rəhbərliyi altında “Real” İspaniya La Liqasını (2021/2022), İspaniya Kral Kubokunu (2013/2014, 2022/2023), İspaniya Super Kubokunu (2021/2022), Çempionlar Liqasını (2013/2014, 2021/2022), UEFA Super Kubokunu (2014, 2022) və FIFA Klub Dünya Kubokunu (2014, 2022) qazanıb.
64 yaşlı Ançelottinin məşqçilik məktəbindən həmçinin “Everton”, “Napoli”, Bayern”, PSJ, “Çelsi”, “Milan”, “Yuventus”, “Parma” keçib. İtalyan mütəxəssin təsis edib çalışdırdığı kollektivlər həmişə kamil oyunu və iddiaları ilə seçiliblər.


