“Real”ın baş məşqçisi Karlo Ançelotti bu klubun braziliyalı vingeri Vinisius Juniorun “Qızıl top”un qalibi olmaq ehtimalını qiymətləndirib.
Arena.az italyan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Yaxşı, bu gün “Qızıl top” verilmir. Bununla belə, Vinisiusun əla olduğunu düşünürəm. Çox az qalıb: daha bir neçə oyun və final. Sonra Amerika Kuboku var. Əgər hər şey yaxşı başa çatarsa, o zaman Çempionlar Liqasının finalında və Amerika Kubokunda qələbə ilə o, “Qızıl top”u qazana bilər”, deyə Karlo Ançelotti bildirib.
Xatırladaq ki, Vinisius Junior Braziliyanın “Flamenqo” klubunun yetirməsidir. Braziliyalı vinger “Real”a 2018-ci ilin iyul ayında 45 milyon avro müqabilində elə, “Flamenqo”dan keçib. Vinisiusun İspaniya nəhəngi ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə “Vinni” madridlilərin heyətində bütün yarışlarda 36 oyuna çıxıb, 21 qol və 11 məhsuldar ötürmə ilə fərqlənib. Vinisiusun “Real”da çıxışının ümumi mənzərəsi isə belədir: 261 oyun, 80 qol, 75 məhsuldar ötürmə.
“Vinni” madridlilərlə İspaniya La Liqasının (2019/2020, 2021/2022, 2023/2024), İspaniya Kral Kubokunun (2022/2023), İspaniya Super Kubokunun (2019/2020, 2021/2022, 2023/2024), UEFA Çempionlar Liqasının (2021/2022), UEFA Super Kubokunun (2022/2023), FIFA Klub Dünya Kubokunun (2019, 2023) qalibi olub.
Vinisius 2019-cu ilin sentyabrında debüt etdiyi Braziliya milli komandasının heyətində 28 oyun keçirib. O, bu oyunlarda 3 qol vurub və 4 məhsuldar ötürmə verib. “Vinni” Braziliyanın U-15, U-17 komandaları ilə Cənubi Amerikan Çempionatının qalibi olub.
“Transfermarkt” internet-portalı 23 yaşlı Vinisius Juniorun transfer dəyərini 150 milyon avro məbləğində qiymətləndirir.


