Kayl Spens “Karvan”da!

İngiltərənin “Kristal Pelas” klubunun yetirməsi olan 28 yaşlı futbolçu Kayl Spens bundan sonra “Karvan”ın uğurları üçün çalışacaq.

Arena.az bu barədə Yevlax klubunun rəsmi saytına istinadən xəbər verir.

Bildirilir ki, yeni mövsümdən Azərbaycan Premyer Liqasında mübarizə aparacaq “Karvan” növbəti transferini həyata keçirib. İngiltərəli futbolçu Kayl Spenslə 1 illik müqavilə imzalanıb.

Spens İngiltərənin “Kristal Pelas” klubunun yetirməsidir. Hücumameyilli yarımmüdafiəçi karyerası ərzində “Koventri Siti”, “Hempton və Riçmond”, “Kinqston”, “İst-Qrinsted Taun”, “Valders”, “Alta”, “Eyqarden”, “Hegelman Litauen”, “FSV Frankfurt”, “Veles”, “Qzira Yunayted” kimi klublarda çıxış edib. O, son olaraq Şimali İrlandiyanın “Kolereyn” klubunda forma geyinib. 28 yaşlı futbolçu bu komandada 22 oyun keçirib, 1 qol, 1 asistlik performans göstərib.

Kayl bir müddət Şotlandiyanın U-16 yığmasında oynasa da, sonradan milli formanı geyinmək ona qismət olmayıb.

Xatırladaq ki, “Karvan” daha öncə Eltun Turabov, Süleyman Əhmədov, Araz Abdullayev və David Oliveyra Souzanı da heyətinə qatmışdı. Ezekiel Morqan, Emil Qasımov, Bəhruz Teymurov, İzzət Müştaqov, Elvin İsmayılov, Müşviq Teymurov, Peyman Keşavarzi, İlham Hüseynov, Məmməd Muradov, Aref Muhammedalipur və Beqzod Xulikulov Yevlax təmsilçisini tərk ediblər. Kamran İbrahimovla da yeni müqavilə imzalanıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: