Kevin de Bröyne komanda yoldaşlarına “iPhone” hədiyyə etdi

“Mançester Siti”nin belçikalı yarımmüdafiəçisi Kevin De Bröyne bütün komanda yoldaşlarına xüsusi telefonlar hədiyyə edib.

Arena.az ESPN-ə istinadən məlumat verir ki, o, “Mançester Siti”nin bütün oyunçularına “Apple” şirkətinin platin “iPhone”larını hədiyyə edib.

Vurğulanır ki, De Bröyne bu yolla komandanı ötən mövsüm qazandığı “trebl” münasibəti ilə təbrik etmək qərarına gəlib.

Xatırladaq ki, geridə qalmış 2022/2023 mövsümündə Xosep Qvardiolanın çalışdırdığı “Mançester Siti” İngiltərə Premyer Liqasını, İngiltərə Federasiya Kubokunu və UEFA Çempionlar Liqasını qazanmaqla, üçqat uğura – “trebl”ə nail olmuşdu.

Geridə qalmış 2022/2023 mövsümündə De Bröyne “şəhərlilər”in heyətində aparıcı futbolçulardan biri olub. Belçikalı müdafiəçi ötən mövsüm “Mançester Siti”nin heyətində 49 oyuna çıxıb, 10 qol vurub, 31 məhsuldar ötürmə verib. Cari mövsümdə De Bröyne 2 oyun keçirib, 1 məhsuldar ötürmə ilə fərqlənib. Amma bir müddət əvvəl De Bröynenin ciddi zədə aldığı və uzun müddətə sıradan çıxdığı məlum olub.

De Bröynenin “Mançester Siti” ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Kevin De Bröyne 2010-cu ilin avqustunda debüt etdiyi Belçika yığmasının heyətində 99 oyun keçirib, 26 qol vurub, 49 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 32 yaşlı Kevin De Bröyneni 70 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: