Futbol üzrə Belçika millisinin və İngiltərənin “Mançester Siti” klubunun yarımmüdafiəçisi Kevin De Bröynenin evi qarət edilib.
Arena.az bu barədə HLN nəşrinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, oğurluq hadisəsi dekabrın 17-də futbolçunun Belçikadakı mənzilində qeydə alınıb. Evdə heç kim olmayan zaman naməlum şəxslər futbolçunun evinə soxulublar. Polis bu məqamı təsdiqləyir. Oğurluq əlamətlərini futbolçunun həyat yoldaşı Mişel Lakrua aşkarlayıb.
“Oğurluq hadisəsi saat 16:00-21:00 aralığında baş verib. Polisə müraciət edən futbolçunun həyat yoldaşı olub. Cinayətkarlar nərdivanla birinci mərtəbəyə dırmaşıb və bütün evdə axtarış aparıblar. Hər şey alt-üst edilib, ona görə də hələ nələrin çalınıb aparıldığı tam aydın deyil. Lakin ilk baxışdan belə görünür ki, əsasən zinət əşyaları oğurlanıb”, – prokurorluqdan bildirilir.
Xatırladaq ki, cari mövsümün əvvəlində De Bröyne ciddi zədə alaraq, uzun müddətə sıradan çıxmışdı. Hazırda futbolçu bərpa keçir və gələn il sıraya qayıtmağı hədəfləyir.
Kevin De Bröyne “Mançester Siti”yə 2015-ci ilin avqustunda 76 milyon avro qarşılığında “Volfsburq”dan keçib. Belçikalı hücumameylli yarımmüdafiəçinin “Mançester Siti” ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Geridə qalmış 2022/2023 mövsümündə De Bröyne “şəhərlilər”in heyətində aparıcı futbolçulardan biri olub. Belçikalı oyunçu ötən mövsüm “Mançester Siti”nin heyətində 49 oyuna çıxıb, 10 qol vurub, 31 məhsuldar ötürmə verib. Cari mövsümdə De Bröyne 2 oyun keçirib, 1 məhsuldar ötürmə ilə fərqlənib.
Kevin De Bröyne 2010-cu ilin avqustunda debüt etdiyi Belçika yığmasının heyətində 99 oyun keçirib, 26 qol vurub, 49 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 32 yaşlı Kevin De Bröyneni 70 milyon avro məbləğində qiymətləndirir.
Vurğulayaq ki, zədəsinə rəğmən, belçikalı futbolçu bu il dekabrın 12-dən 22-dək Ciddədə (Səudiyyə Ərəbistanı) keçirilən FIFA Klub Dünya Kuboku turnirində iştirak üçün “Mançester Siti”nin ərizəsinə daxil edilib.