İspaniya La Liqasında mübarizə aparan “Vilyarreal” klubu əsas komandanın baş məşqçisi Kike Setyen ilə yollarını ayırıb.
Arena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
64 yaşlı ispan mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Onun səlahiyyətlərini müvəqqəti olaraq klubun idman direktoru Migel Anxel Tenanın yerinə yetirəcəyi diqqətə çatdırılıb.
Xatırladaq ki, Kike Setyen ötən ilin oktyabr ayında “Vilyarreal”ın baş məşqçisi təyin olunmuşdu. O, ötən mövsümün yekunlarına əsasən bu komandanı Avropa Konfrans Liqasına daşıyıb. Lakin cari mövsümdə “Vilyarreal” İspaniya La Liqasında 4 turdan sonra 3 xalla 15-ci pillədə qərarlaşıb.
Setyen “Vilyarreal”ı bütövlükdə 39 oyuna çıxarıb. Komanda bu görüşlərdə 18 qələbə qazanıb, 6 heç-heçə edib, 15 məğlubiyyətə üzülüb.
Təcrübəli mütəxəssis əvvəllər “Barselona”, “Betis”, “Las Palmas”, “Luqo”, “Loqrones”, “Rasinq” kimi klublarda da baş məşqçi olub, həmçinin Ekvatorial Qvineya yığmasına rəhbərlik edib.


