Konate 5-6 həftə “Liverpul”a kömək edə bilməyəcək

Futbol üzrə Fransa milli komandasının və İngiltərənin “Liverpul” klubunun mərkəz müdafiəçisi İbrahima Konate zədələnib.

Arena.az xəbər verir ki, fransalı futbolçu UEFA Çempionlar Liqasında Madrid “Real”ına (İspaniya) qarşı keçirdiləri matçda sıradan çıxıb.

O, bir müddət yaşıl meydanlardan kənar qalacaq. Konatenin zədə səbəbilə ən azı 5-6 həftəlik müddətə sıradan çıxdığı bildirilir. Bir sözlə, Konate İngiltərə Premyer Liqasının 13-cü turunda “Mançester Siti” ilə baş tutacaq oyunda komandasına kömək edə bilməyəcək.

Xatırladaq ki, İbrahima Konate Fransanın “Soşo” klubunun yetirməsidir. O, 2017-ci ildən 2021-ci ilədək “Leypsiq”in (Almaniya) uğurları üçün çalışıb. Mərkəz müdafiəçisi “Liverpul”a 2021-ci ilin iyul ayında 40 milyon avro müqabilində məhz “Leypsiq”dən keçib.

Fransalı futbolçu bu mövsüm “Liverpul”un heyətində 18 oyuna çıxıb, 2 qol və 1 məhsuldar ötürmə müəllifi olub. Konatenin İngiltərə klubunun heyətindəki ümumi göstəriciləri belədir: 108 oyun, 5 qol və 3 məhsuldar ötürmə.

Fransa yığmasının üzvü “Liverpul”la 4 titul qazanıb. O, 2 dəfə (2022 və 2024-cü illərdə) İngiltərə Liqa Kubokunun, 1 dəfə İngiltərə Federasiya Kubokunun (2022), 1 dəfə də İngiltərə Super Kubokunun (2022/2023) qalibi olub.

İbrahima Konate Fransanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynayıb, 2022-ci ilin iyun ayında isə əsas millidə debüt edib. O, yığmanın heyətində meydana çıxdığı 21 oyunda məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

“Transfermarkt” internet-portalı 25 yaşlı müdafiəçinin transfer dəyərini 45 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: