“Liverpul”un və Fransa yığmasının mərkəz müdafiəçisi İbrahima Konate ifrat sıx oyun təqvimindən narazılığı dilə gətirib.
Arena.az “Liverpool Echo” dərgisinə istinadən məlumat verir ki, fransalı futbolçu oyunların sayının artırılması və buna uyğun olaraq futbolçuların iş yükü müzakirə edilərkən futbolçuların dinlənilməməsindən narazılığını ifadə edərək, tənqidi mövqeyini açıqlayıb:
“Bu mövzu diqqətdən kənarda qalmamalıdır. “Liverpul” bu haqda danışmır, amma eşitmişəm ki, bəzi klublar beynəlxalq fasilə zamanı futbolçularını evdə saxlamağa üstünlük verirlər. Milli komandaların da önəmli olmasına rəğmən, futbolçular klubun işçiləridir. Biz bütün mövsüm boyu formada qalmalıyıq, amma bu, olduqca çətindir. Belə davam edərsə, əlbəttə ki, oyunçular bir gün üsyan edə bilər. Və düşünürəm ki, bu işdə biz hamımız çiyin-çiyinə dayanacağıq”, deyə Konate vurğulayıb.
Vurğulayaq ki, daha əvvəl də futbol dünyasından bir çox nüfuzlu futbol adamları – “Real”ın italyan baş məşqçisi Karlo Ançelotti, “Mançester Siti”nin ispan çalışdırıcısı Xosep Qvardiola, “Bayern”in belçikalı baş məşqçisi Vensan Kompani də təqvim sıxlığı ilə bağlı fəsadın həlli üçün futbol məmurlarına səslənmişdilər. Həmçinin “Liverpul”un braziliyalı qapıçısı Alisson Bekker də oyun təqviminin tərtibatı zamanı futbolçuların fikirlərinin nəzərə alınmasının vacibliyini vurğulamışdı.


