Konfrans Liqası: “Feyenoord” qalib gəldi, “Roma” qələbəni əldən verdi

Bu gün futbol üzrə Avropa Konfrans Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçirilib. Arena.az xəbər verir ki, hər iki qarşılaşma eyni gündə və saatda baş tutub.

Joze Mourinyonun başçılıq etdiyi “Roma” ilk oyunu səfərdə keçirib. “Canavarlar” İngiltərədə “Lester Siti”nin qonağı olub. İtaliya A Seriyasında işləri yaxşı getməyən “Roma” Konfrans Liqasının qalibi olmağa can atır. Bu qarşılaşmada da hesabı italyanlar açıblar. Amma meydan sahibləri buraxılan qolun əvəzini çıxmağı bacarıb. Yekunda ilk qarşılaşma heç-heçə bitib. Hər şeyə bir həftə sonra Romada baş tutacaq cavab matçında aydınlıq gələcək.

Yarımfinalın daha bir oyunu isə “Feyenoord”la Marsel “Olimpik”i arasında keçirilib. Fransa klubu Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”ı mübarizədən kənarlaşdırmışdı. Niderlandda keçirilən ilk matç Marsel təmsilçisi üçün yaxşı başlamayıb. 20 dəqiqəyə iki qol buraxan fransızlar fasiləyə qədər hesabı bərabərləşdirə biliblər. Amma fasilədən dərhal sonra daha bir qol vuran “Feyenoord” bu qarşılaşmada çətin qələbəyə sevinib. Amma bu cütün də taleyinə məhz cavab matçında aydınlıq gələcək.

Avropa Konfrans Liqasında yarımfinalın cavab qarşılaşmaları mayın 5-də keçiriləcək. Hər iki oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

Avropa Konfrans Liqası
Yarımfinalın ilk oyunları
28 aprel

Lester Siti (İngiltərə) – Roma (İtaliya) 1:1
Qol: Lukman, 67 – Pelleqrini, 15.
Baş hakim: Karlos del Serro (İspaniya).

Feyenoord (Niderland) – Olimpik (Marsel, Fransa) 3:2
Qol: Dessers, 18; 46. Sinisterra, 20 – Dienq, 28. Jerson, 40.
Baş hakim: Maykl Oliver (İngiltərə).

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: