“Napoli”nin gürcü sol vingeri Xviçi Kvaratsxeliya İtaliya klubundan öz əməkhaqqının artırılması tələbindədir.
Arena.az bu barədə “Calciomercato” dərgisinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, Kvaratsxeliyanın maraqlarını təmsil edən agenti Mamuka Cuqeli “Napoli” rəhbərliyinin gürcü futbolçu ilə əməkhaqqını 3 dəfə artırmaqla müqavilə müddətini uzatmaq təklifini rədd edib. “Napoli” Kvaratsxeliyaya 4 milyon avro məbləğində maaş təklif etsə də, futbolçunun nümayəndəsi 7 milyon avro məbləğində tələblə çıxış edib. Gürcü futbolçunun cari maaşı illik 1,3 milyon avro məbləğindədir.
Kvaratsxeliyanın hazırda “Napoli”də ən az maaş alan futbolçularından biri olduğu vurğulanır.
Kvaratsxeliya 2022-ci ilin iyulundan “Napoli”də çıxış edir. “Napoli” gürcü vingeri 13,30 milyon avro müqabilində “Dinamo Batumi”dən transfer edib. Xviçanın Neapol təmsilçisi ilə müaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümün ilk yarısında Kvaratsxeliya “Napoli”nin heyətində bütün yarışlarda 28 oyuna çıxıb, 5 qol vurub, 5 məhsuldar ötürmə verib. Ötən mövsüm Xviça “Napoli” ilə İtaliya A Seriyasını qazanıb.
Xviça Kvaratsxeliya 2019-cu ilin iyununda debüt etdiyi Gürcüstan yığmasının heyətində 28 oyuna 15 qol vurub, 7 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 22 yaşlı gürcü vingerin transfer dəyərini 80 milyon avro məbləğində qiymətləndirir.


