İngiltərənin “Arsenal” klubu İtaliya çempionu “Napoli”nin və Gürcüstan yığmasının hücumçusu Xviça Kvaratsxeliya ilə maraqlanır.
Arena.az bu barədə “Football Transfers” portalına istinadən məlumat verir.
Mənbənin məlumatına görə, “topçular”ın rəhbərliyi ilə “Napoli”nin idman direktoru Mauro Meluzo arasında yaxşı münasibətlər var. Bu amil, gürcü hücumçunun Londona köçməsinə əsas ola bilər.
Buna görə “Arsenal”ın Kvaratsxeliyanı almaq üçün “Napoli”yə ciddi maliyyə təklifi verməsinin kifayət edəcəyi vurğulanır. Həmçinin “Arsenal”ın bu sövdə müqabilində öz “topçular”ından biri ilə ayrılmalı olacağı da bildirilir.
Geridə qalmış 2022/2023 mövsümündə Kvaratsxeliya “Napoli”nin heyətində 43 oyuna çıxıb, 14 qol vurub, 17 məhsuldar ötürmə verib və “eşşəkciklər”lə İtaliya çempionluğunu qazanıb. Bununla yanaşı, Kvaratsxeliya 10 ötürmə ilə ötən mövsüm İtaliya çempionatının ən yaxşı məhsuldar ötürmələr etmiş futbolçusu olub. Kvaratsxeliya A Seriyasında Avqust, Fevral və Mart aylarında ayın ən yaxşısı elan olunub, mövsümün yekunlarına görə isə İtaliya çempionatının ən yaxşı futbolçusu seçilib və mövsümün yığmasında ən yaxşı hücumçuların üçlüyündə yer alıb. Kvaratsxeliyanın “Atalanta”ının qapısına vurduğu qol isə A Seriyasında mövsümün qolu seçilib.
Kvaratsxeliyanın neapollularla müqaviləsi 2027-ci ilin iyununa qədər qüvvədədir.
“Transfermarkt” internet-portalı 22 yaşlı Xviça Kvaratsxeliyanı 85 milyon avro məbləğində qiymətləndirir.


