İspaniya çempionatında (La Liqa) artıq başa çatmış 2024/2025-ci illər mövsümünün ən yaxşı gənc oyunçusunun adı açıqlanıb.
Arena.az İspaniya La Liqasının rəsmi saytına istinadən məlumat verir ki, bu ada “Barselona”nın 17 yaşlı ispaniyalı udluzu, yeniyetmə sağ cinah hücumçusu Lamin Yamal layiq görülüb.
Əlavə edək ki, müvafiq mükafat 23 yaşa qədər futbolçulara təqdim edilir.
Yamal səsvermədə “Barselona”dan Pedrini, “Real”dan Cud Bellingemi və Arda Güləri, “Las-Palmas”dan Fabiu Silva və Alberto Moleyronu (Moleyro), həmçinin “Valensiya”dan Dieqo Lopesi qabaqlayıb.
Lamin Yamal “Barselona”nın məzunudur. İstedadlı yeniyetmə 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir. Yamalın “Barselona” ilə müqaviləsinin müddəti 2031-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Yamal “blauqrana”nın heyətində bütün yarışlarda 55 oyuna çıxıb, 18 qol və 25 məhsuldar ötürmə ilə fərqlənib.
Lamin Yamalın “Barselona”da çıxışının ümumi mənzərəsi 106 oyun, 25 qol və 34 məhsuldar ötürmədən ibarətdir.
Yamal 2023-cü ilin sentyabr ayında debüt etdiyi İspaniya yığma komandasının heyətində 19 oyun keçirib, 4 qol vurub, 9 məhsuldar ötürmə verib.
Lamin Yamalın qənimətlər muzeyində “Barselona” ilə qazandığı İspaniya La Liqası (2022/2023, 2024/2025), İspaniya Kral Kuboku (2024/2025) və İspaniya Super Kuboku (2024/2025) var. Həmçinin Yamal İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.
“Transfermarkt” internet-portalı 17 yaşlı ispaniyalı sağ cinah hücumçusunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.


