“Barselona”nın 17 yaşlı ispaniyalı sağ cinah hücumçusu Lamin Yamal klubdakı gələcəyi və arzuları haqda söhbət açıb.
Arena.az AS dərgisinə istinadən, yeniyetmə ulduzun müvafiq fikirlərini təqdim edir:
“Bu gün biz mövsümü qənimətlərlə başa vurmaq üzərində köklənmişik. Mən ancaq, necə oynamaq və “Barselona” ilə qənimətlər qazanmaq haqda düşünürəm. Mövsümün həlledici kəsimi gəlir, bu isə mənim düşündüklərimin hamısıdır. Mən müqavilə müddətinin uzadılması ilə bağlı mövsümün sonuna qədər danışmayacağam.
“Barselona” ilə Çempionlar Liqasını və İspaniya yığması ilə dünya çempionatını qazanmaq – mənim ən böyük iki arzumdur”, deyə Yamal vurğulayıb.
Lamin Yamal “Barselona”nın yetirməsidir. İstedadlı yeniyetmə 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir.
Yamalın “Barselona” ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Yamal “blauqrana”nın heyətində bütün yarışlarda 38 oyuna çıxıb, 13 qol və 17 məhsuldar ötürmə ilə fərqlənib.
Lamin Yamalın “Barselona”da çıxışının ümumi mənzərəsi 89 oyun, 20 qol və 24 məhsuldar ötürmədən ibarətdir.
Yamal 2023-cü ilin sentyabr ayında debüt etdiyi İspaniya yığma komandasının heyətində 17 oyun keçirib, 3 qol vurub, 8 məhsuldar ötürmə verib.
Lamin Yamalın qənimətlər muzeyində “Barselona” ilə qazandığı İspaniya La Liqası (2022/2023) və İspaniya Super Kuboku (2024/2025) var. Həmçinin Yamal İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.
“Transfermarkt” internet-portalı 17 yaşlı ispaniyalı sağ cinah hücumçusunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.


