“Barselona”nın sağ cinah hücumçusu Lamin Yamal “el klasiko”da “Real” üzərində qazandıqları qələbəni şərh edib.
Arena.az xatırladır ki, “Barselona” İspaniya La Liqasının 35-ci turu çərçivəsində evdə əzəli rəqibi “Real” üzərində 4:3 hesablı əzmkar qələbə qazanıb, Yamal isə qələbəyə qolla töhfəsini verib.
“Bu, çox vacib oyundur. Çox vacib də üstünlükdür. Bizə, onların vurduqları qolları təhlil etmək gərəkdir. Onlar üç qol vurdular, biz öhdəsindən gələ bilmədik, bu, bizim təqsirimizdir. Amma biz qalib gəldik, biz şənik və mən çox-çox xoşbəxtəm.
Biz “İnter” tərəfindən kənarlaşdırıldığımızı unutmuşuq. Mən öz anama demişəm ki, Çempionlar Liqası hər il olacaq, biz isə qalib gəlincəyə qədər mübarizə aparacağıq. Bu gün, La Liqanı qazanmaq üçün qalib gəlmək çox vacib idi.
“Barsa” – mənim həyatımın klubudur. “el klasiko”da oynamaq və qollar vurmaq – bu, möhtəşəmdir”, – AS dərgisi Yamaldan sitat gətirir.
Lamin Yamal “Barselona”nın yetirməsidir. İstedadlı yeniyetmə 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir.
Yamalın “Barselona” ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Yamal “blauqrana”nın heyətində bütün yarışlarda 52 oyuna çıxıb, 16 qol və 24 məhsuldar ötürmə ilə fərqlənib.
Lamin Yamalın “Barselona”da çıxışının ümumi mənzərəsi 103 oyun, 23 qol və 33 məhsuldar ötürmədən ibarətdir.
Yamal 2023-cü ilin sentyabr ayında debüt etdiyi İspaniya yığma komandasının heyətində 19 oyun keçirib, 4 qol vurub, 9 məhsuldar ötürmə verib.
Lamin Yamalın qənimətlər muzeyində “Barselona” ilə qazandığı İspaniya La Liqası (2022/2023), İspaniya Kral Kuboku (2024/2025) və İspaniya Super Kuboku (2024/2025) var. Həmçinin Yamal İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.
“Transfermarkt” internet-portalı 17 yaşlı ispaniyalı sağ cinah hücumçusunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.
Əlavə edək ki, Yamal mərakeşəsillidir. Yeniyetmə ulduz tarixi vətəni üçün çıxış etməkdən imtina edərək, İspaniya bayrağı altında oynamağı seçib.


