İspaniya nəhəngi “Barselona”nın 17 yaşlı sağ cinah hücumçusu Lamin Yamal yaxın gələcək üçün hədəflərindən söhbət açıb.
Arena.az yeniyetmə futbolçunun bu barədə fikrini təqdim edir:
“Yaxın iki ilə məqsədlərim? Komanda səviyyəsində mən nəhayət ki, UEFA Çempionlar Liqasını qazanmaq istəyirəm. Həmçinin dünya çempionatında müsbət çıxış təcrübəsi əldə etmək istərdim”, deyə Yamal bildirib.
Xatırladaq ki, Lamin Yamal “Barselona”nın yetirməsidir. İstedadlı yeniyetmə 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir.
Yamalın “Barselona” ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Yamal “blauqrana”nın heyətində bütün yarışlarda 37 oyuna çıxıb, 12 qol və 17 məhsuldar ötürmə ilə fərqlənib.
Lamin Yamalın “Barselona”da çıxışının ümumi mənzərəsi 88 oyun, 19 qol və 24 məhsuldar ötürmədən ibarətdir.
Lamin Yamal 2023-cü ilin sentyabr ayında debüt etdiyi İspaniya yığma komandasının heyətində 17 oyun keçirib, 3 qol vurub, 8 məhsuldar ötürmə verib.
Yamalın qənimətlər muzeyində “Barselona” ilə qazandığı İspaniya La Liqası (2022/2023) və İspaniya Super Kuboku (2024/2025) var. Həmçinin Yamal İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.
“Transfermarkt” internet-portalı 17 yaşlı ispaniyalı sağ cinah hücumçusunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.


