“Liverpul” portuqal hücumameylli yarımmüdafiəçisi Fabio Karvalyonu Çempionşipdə çıxış edən “Hall Siti”yə icarəyə göndərib.
Arena.az bu barədə Premyer Liqa klubunun rəsmi saytına istinadən məlumat verir.
Xatırladaq ki, “qırmızılar” “Leypsiq”də icarə əsasında çıxış edən Karvalyonun icarəsini erkən – 2023-cü ilin dekabrın 31-də bitirmək qərarına gəliblər. Yanvarın 10-da isə futbolçu rəsmən “Hall Siti”yə icarəyə verilib. İcarə müddəti cari ilin may ayının sonuna qədər nəzərdə tutulub. Transferin maliyyə təfərrüatı açıqlanmır. Klublar arasında bu xüsusda haqq-hesab icarə müddətinin sonunda aparılacaq.
Fabio Karvalyo “Benfika”nın yetirməsidir və yeniyetmə ikən azad agent qismində “Fulhem”in futbol akademiyasına keçib və burada yetişib. “Liverpul”un maraq dairəsinə düşmüş portuqal yarımmüdafiəçi 2022-ci ilin iyulunda 5,9 milyon avro müqabilində “qırmızılar”ın düşərgəsinə transfer edilib. Düz 1 il sonra isə icarə əsasında “Leypsiq”ə göndərilib. Alman mütəxəssis Yurgen Klopun başçılıq etdiyi məşqçilər qərargahı portuqal futbolçunun tamam-kamal püxtələşməsi üçün icarə tədbirinə üstünlük verməyi qərara alıblar. Bu tədbir “qırmızılar”ın heyətindəki qüvvətli rəqabət mənzərəsində Karvalyonu itib-bata bilməkdən sığortalayır.
Cari mövsümün ilk yarısında Fabio Karvalyo “Leypsiq”in heyətində 9 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib. Fabio “Leypsiq”lə 2023/2024 mövsümü Almaniya Super Kubokunu qazanıb. “Öküzlər”in Almaniya nəhəngi “Bayern”i 3:0 hesabı ilə “buynuzladığı” həmin oyunda Karvalyo da meydana çıxıb.
Həmçinin portuqal futbolçunun muzeyində “Liverpul”la qazandığı 2023 mövsümü İngiltərə Super Kuboku və 2021/2022 mövsümündə “Fulhem”lə əldə etdiyi Çempionşip çempionluğu var.
Fabio Karvalyo gənc ikən İngiltərə və Portuqaliya yığmaları arasında seçim etməli olub. Yeniyetməliyi dövründə İngiltərənin U-15, U-16, U-17, U-18 yığmalarında oynayan Fabio, daha sonra Portuqaliya yığmasının düşərgəsinə keçərək, vətəni üçün oynamağa qərar verib. Hələ Portuqaliyanın əsas yığmasına dəvət almasa da, Fabio U-21 yığmasında debüt edib.
“Transfermarkt” internet portalı 21 yaşlı portuqal hücumameylli yarımmüdafiəçinin transfer dəyərini 14 milyon avro məbləğində qiymətləndirir.


