“Liverpul”da Dioqo Jota şoku: 2 ay oynamayacaq

Futbol üzrə Portuqaliya millisinin və İngiltərənin “Liverpul” klubunun portuqal sol vingeri Dioqo Jota uzun müddətə sıradan çıxıb.

Arena.az bu barədə İngiltərə klubunun rəsmi saytına istinadən məlumat verir.

Müayinə zamanı 27 yaşlı portuqaliyalının sol xaçvari diz bağlarının zədələndiyi üzə çıxıb. Jotanın təxminən 2 ay futbol oynaya bilməyəcəyi barədə xəbərlər var.

Dioqo Jota “Qondomar” klubunda futbola qədəm qoyub. Portuqal vinger karyerası ərzində “Pasuş de Ferreyra”, “Atletiko” (Madrid), “Portu”, “Vulverhempton” klublarında çıxış edib. “Liverpul” Jotanı 2020-ci ilin sentyabrında 44,7 milyon avro müqabilində “Vulverhempton”dan heyətinə qatıb. Portuqal futbolçunun Mersisayd klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvdədədir.

Cari mövsümdə Jota “qırmızılar”ın heyətində bütün yarışlarda 28 oyuna çıxıb, 14 qol vurub, 4 məhsuldar ötürmə verib.

Dioqo Jotanın qənimətlər muzeyində “Vulverhempton”la qazandığı İngiltərə Çempionşipi (2017/2018), həmçinin “Liverpul”la İngiltərə Kuboku (2022) və İngiltərə Liqa Kuboku (2022) var.

Jota 2019-cu ilin noyabrında debüt etdiyi Portuqaliya yığmasının heyətində 36 oyuna 12 qol və 10 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 27 yaşlı portuqal vingerin transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.

Xatırladaq ki, “Liverpul”da qapıçı Alisson Bekker, müdafiəçilər Trent Aleksander-Arnold, Joel Matip, yarımmüdafiəçilər Kurtis Cons, Dominik Soboslai, Tyaqo və hücumçu Darvin Nunyes də zədədən əziyyət çəkir.

“Liverpul” Premyer Liqanın 2023/2024 mövsümündə 25 turdan sonra 57 xalla vahid liderdir. Bu komandanı 55 xalla “Arsenal” və 53 xala malik “Mançester Siti” izləyirlər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: