Luis de la Fuente: “Qızıl top”u ona verin, xahiş edirəm”

İspaniya yığmasının baş məşqçisi Luis de la Fuente “Qızıl” topla mütləq təltif edilməli futbolçunun adını açıqlayıb.

Arena.az məşhur italyan jurnalist-insayder Fabritsio Romanoya istinadən, ispan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Qızıl top”u Rodri qazanmalıdır. Ona bu mükafatı verin, xahiş edirəm. O, dünyanın tamamilə ən yaxşı oyunçusudur”, deyə Luis de la Fuente vurğulayıb.

Xatırladaq ki, İspaniya yığmasının və “Mançester Siti”nin dayaq yarımmüdafiəçisi Rodri 2024-cü il Avropa çempionatında 6 oyun keçirib və 1 qol vurub, “qırmızı qəzəb”lə yarışın qalibi olub.

Rodri Madrid “Atletiko”sunun yetirməsidir. İspan “dayaqçı” “Mançester Siti”yə 2019-cu ilin iyulunda 70 milyon avro müqabilində elə, “Atletiko”dan keçib. Rodrinin “Mançester Siti” ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Artıq geridə qalmış 2023/2024-cü illər mövsümündə Rodri “şəhərlirlər”in heyətində bütün yarışlarda 50 oyuna çıxıb, 9 qol vurub, 14 məhsuldar ötürmə verib.

Rodri “Mançester Siti” ilə İngiltərə Premyer Liqasının (2020/2021, 2021/2022, 2022/2023, 2023/2024), İngiltərə Kubokunun (2023), İngiltərə Liqa Kubokunun (2020, 2021), İngiltərə Super Kubokunun (2020), Çempionlar Liqasının (2022/2023), UEFA Super Kubokunun (2023/2024), FIFA Klub Dünya Kubokunun (2024) qalibi olub. Rodri həmçinin 2022/2023 mövsümü Çempionlar Liqasında mövsümün oyunçusu seçilib.

Rodriqo Ernandes 2018-ci ilin martında debüt etdiyi İspaniya yığmasının heyətində 56 oyun keçirib, 4 qol vurub, 2 məhsuldar ötürmə verib. Rodri İspaniya yığması ilə 2023-cü il UEFA Millətlər Liqasının və 2024-cü il Avropa çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 28 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 120 milyon avro məbləğində qiymətləndirir. Bu isə Rodrinin futbol tarixində ən bahalı ispan futbolçu olması deməkdir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: