PSJ-nin baş məşqçisi Luis Enrike Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda “Milan”la oyunda (3:0) inamlı qələbəsini şərh edib.
Arena.az PSJ-nin rəsmi saytına sitinadən Luis Enrikenin müvafiq xüsusda fikirlərini diqqətinizə çatdırır:
“Mən xoşbəxtəm, çox xoşbəxtəm! Hər şey bizim səhvlərimizdən, ilk 20-25 dəqiqədəki inamsızlığımızdan başladı. Kilianın qolu bizi sakitləşdirdi. Düşünürəm ki, rəqibimizdən üstün idik.
Bu səviyyəli oyunda bütün oyuna hakim olmaq mümkün deyil. Müdafiədə uğursuzluğa düçar olmadıq, amma mükəmməl deyildik. Beləliklə, rəqibin yarımsahəsində olmaqdansa, öz yarımsahəmizdə daha çox vaxt keçirdik. Düşünürəm ki, ikinci hissədə futbolçular qol sayəsində arxayınlaşdılar. İnamımız daha çox idi, hər şey Usmanın qolu ilə başladı. Heyf ki, o qol sayılmadı, amma bundan sonra komanda imkan yaratmağa davam etdi. Nəticədə biz qələbə qazandıq”, deyə Luis Enrike inamla danışıb.
Qələbə sayəsində Fransa nəhəngi Çempionlar Liqasının “F” qrupunda liderliyi ələ keçirib, Luis Enrikenin yetirmələrinin 6 xalı var. Səfərdə “Nyukasl”ı 1:0 hesabı ilə məğlub etmiş Dortmund “Borussiya”sı 4 xalla 2-ci, eyni sayda xal toplamış “Nyukasl” 3-cü yerdə qərarlaşıb. İtaliya nəhəngi “Milan” isə 2 xalla qrupun autsayderidir.


