Luis Enrike qadın jurnalistlə söz davasına çıxdı

PSJ-nin 55 yaşlı ispan baş məşqçisi Luis Enrike “Movistar+” telekanalının efirində jurnalist Susana Quaş ilə söz davasına çıxıb.

Arena.az xatırladır ki, tərəflərin münasibəti Enrikenin hələ “Barselona”nı çalışdırdığı vaxtdan gərgindir.

Sonuncu görüş zamanı isə Luis Enrikenin Susana Quaşa xitabı aranı qatıb:

“Mən Monikaya (Markante) görə buradayam, siz hamınız bunu bilirsiniz. Sənə görə, Alvaro (Benito), olsun ki, nisbətən azacıq. Amma sizə görə yox”, deyə ispan mütəxəssis jurnalist qadına səslənib.

Quaş isə cavabında “Vaxt uçur. Artıq nə qədər keçib?”, deyib. Enrike isə “Mən elə, həminki kimi cavanam. Nə qədər vaxt keçdiyini isə bilmirəm”, deyə söz altında qalmayıb.

Müsahibənin sonunda Quaş vurğulayıb ki, Enrike “sancmaqdan heç vaxt çəkinmir”.

Xatırladaq ki, Luis Enrike ilə Susana Quaş arasındakı münaqişə 2016-cı ildə kəskinləşib. O vaxt “Barselona”nı çalışdıran Luis Enrike özünün mətbuat toplantılarından birində, Madrid “Atletiko”su ilə oyun ərəfəsində Susana Quaşın sualına sərt qarşılıq vermişdi. İspan mütəxəssis qadın jurnalistin təhlilini “səthi” və “qeyri-peşəkar” adlandırmışdı. Həmçinin əlavə etmişdi ki: “Siz, nə istəyirsiniz, onu da deyirsiniz, mən isə nə istəyirəm, onu da cavablayıram”. Quaşın suallarından birinə isə Enrike “Dieqo Simeonedən soruşun”, deyə qadın jurnalistə “döşəkçilər”in baş məşqçisinə müraciət etməyi məsləhət görnüşdü. Bu məqam Susana Quaşın pərtlik yaşaması ilə diqqət çəkmişdi.

Xəbəri sosial şəbəkələrdə paylaş: