“Real”ın xorvat mərkəz yarımmüdafiəçisi Luka Modriç cari mövsümdə komandanın heyətində az oyun vaxtından danışıb.
Arena.az Modriçin müvafiq xüsusda fikirlərini diqqətinizə çatdırır:
“Real”? Yaxşı, bu, təbii ki, mənim üçün yeni vəziyyətdir – əvvəlki kimi, istədiyim qədər oynamamaq. Bilirsiniz ki, mən həmişə oynamaq istəyirəm. Fasilə vermək istəmirəm, dincəlmək istəmirəm – sadəcə oynamaq istəyirəm! Mənim bundan xoşum gəlir. Mən oyundan çıxmaq istəmirəm… Sadəcə, fiziki cəhətdən özümü yaxşı hiss etdiyim üçün lazım gələrsə, üç gündən bir oynamaq istəyirəm.
Ətrafımda baş verən hər şey normal bir axardır, ona görə də bunu olduğu kimi qəbul edirəm. Mən bu vəziyyətə mənəvi olaraq hazırlaşmalıyam. Qəbul edirəm və davam edirəm”, deyə Modriç bildirib.
Luka Modriç “Real”a 2012-ci ilin avqustunda 35 milyon avro qarşılığında “Tottenhem”dən keçib. Xorvat yarımmüdafiəçinin “Kral klubu” ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.
Veteran Luka Modriç yenicə başlamış cari mövsümdə “Real”ın heyətində 9 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib. Maraq üçün bildirək ki, xorvat yarımmüdafiəçi ötən mövsüm 52 oyuna çıxıb, 6 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.
Lukanın “qaymaqlılar”ın heyətində ümumi oyun statistikası da göz oxşayır: 497 oyun, 37 qol, 77 məhsuldar ötürmə.
Modriçin “Real”la müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir. Yarımmüdafiəçi “Real”la dəfələrlə bütün mümükün əsas klub turnirlərində qalib olub. Onun “Real”la qazandığı 23 qənimətə 5 Çempionlar Liqası, 5 FIFA Klub Dünya Kuboku, 4 UEFA Super Kuboku, 3 İspaniya La Liqası, 2 İspaniya Kral Kuboku, 4 İspaniya Super Kuboku daxildir. Həmçinin Modriç çoxsaylı fərdi mükafatların təltifçisidir.
Modriç kapitanı olduğu Xorvartiya yığmasında 168 oyuna 24 qol vurub, 27 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 38 yaşlı Luka Modriçi 10 milyon avro məbləğində qiymətləndirir.
Xatırladaq ki, “Real”da az oyun vaxtı almasını Modriç açıq surətdə narazılıqla ifadə etmiş, nəticədə Lukanın gələn ilin yanvarında MLS təmsilçisi “İnter Mayami”də Lionel Messiyə komanda yoldaşı olacağı haqda şayiələr yayılmağa başlamışdı.


