Luka Modriç – “Real”ın ÇL-də mütləq rekordçusu!

Xorvatiya millisinin üzvü Luka Modriç Madrid “Real”ının heyətində UEFA Çempionlar Liqasında (ÇL) ən çox oyuna çıxan futbolçu olub.

Arena.az xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası məlumat yayıb.

Evdə İngiltərə təmsilçisi “Arsenal”a uduzduqları (1:2) 1/4 final mərhələsinin cavab oyunu təcrübəli yarımmüdafiəçinin “Real”ın formasında ÇL-də 134-cü matçı kimi tarixə düşüb. O, paytaxt klubunun sabiq hücumçusu Kərim Benzemanı (133) geridə qoyub.

Luka Modriç 2012-ci ildən “Real”da çıxış edir. Xorvat futbolçu 2012-ci ilin avqustunda 35 milyon avro məbləğ müqabilində “Tottenhem”dən Madrid klubuna qoşulub. Modriçin İspaniya nəhəngi müqaviləsinin müddəti 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Veteran futbolçu cari mövsümdə “Real” üçün bütün yarışlarda 49 oyun keçirib, 4 qol vurub, 7 məhsuldar ötürmə verib.

Lukanın “qaymaqlılar”ın heyətində ümumi oyun statistikası isə göz oxşayır: 584 oyun, 43 qol, 93 məhsuldar ötürmə.

Luka Modriç “Real”la dəfələrlə bütün mümkün əsas klub yarışlarında qalib olub. Lukanın “Real”la qazandığı qənimətlərə 6 UEFA Çempionlar Liqası, 5 FIFA Klub Dünya Kuboku, 5 UEFA Super Kuboku, 4 İspaniya La Liqası, 2 İspaniya Kral Kuboku, 5 İspaniya Super Kuboku və 1 FIFA Qitələrarası Kubok daxildir. Həmçinin Modriç çoxsaylı fərdi mükafatların təltifçisidir. 28 qənimətlə Modriç “Real” tarixində ən zəngin futbolçudur.

Luka Modriç hazırda kapitanı olduğu, 2006-cı ilin martında debüt etdiyi Xorvartiya yığmasının heyətində 186 oyuna çıxıb, 27 qol vurub, 29 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 39 yaşlı xorvat veteran yarımmüdafiəçinin transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: