Xorvat yarımmüdafiəçi Luka Modriç son 11 ildə ilk dəfə ardıcıl iki oyunu zədəsiz və ya cəzalı olmadan “Real”ın ehtiyatında keçirib.
Arena.az bu barədə AS dərgisinə istinadən məlumat verir.
Sonuncu dəfə müvafiq hal 2012-ci ilin oktyabrında yaşanmışdı. O vaxt “Kral klubu”nu çalışdıran Joze Mourinyo Modriçi “Ayaks” və “Barselona” ilə oyunlara buraxmamışdı.
Vurğulayaq ki, xorvat yarımmüdafiəçi cari mövsümdə oyunda keçirdiyi dəqiqələrinin miqdarına görə komandada 15-ci göstəriciyə sahibdir.
Bundan əvvəl Modriç oyun vaxtının azlığından şikayətçi olduğunu açıq-aşkar ifadə etmiş, karyerasını “Real”da bitirmək istəyində ikən, müvafiq halla üzləşməsini narazlıqla qarşılamışdı. Gəzən şayiələrə görə Modriçin qarşıdakı qış transfer pəncəeəsində “Real”dan ayrılaraq MLS-ə keçmək ehtimalı var.
Veteran Luka Modriç yenicə başlamış cari mövsümdə “Real”ın heyətində 7 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib. Maraq üçün bildirək ki, xorvat yarımmüdafiəçi ötən mövsüm 52 oyuna çıxıb, 6 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.
Lukanın “qaymaqlılar”ın heyətində ümumi oyun statistikası da göz oxşayır: 495 oyun, 37 qol, 77 məhsuldar ötürmə.
Modriçin “Real”la müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir. Yarımmüdafiəçi “Real”la dəfələrlə bütün mümükün əsas klub turnirlərində qalib olub. Onun “Real”la qazandığı 23 qənimətə 5 Çempionlar Liqası, 5 FIFA Klub Dünya Kuboku, 4 UEFA Super Kuboku, 3 İspaniya La Liqası, 2 İspaniya Kral Kuboku, 4 İspaniya Super Kuboku daxildir. Həmçinin Modriç çoxsaylı fərdi mükafatların təltifçisidir.
Təcrübəli futbolçu kapitanı olduğu Xorvartiya yığmasında 168 oyuna 24 qol vurub, 27 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 38 yaşlı Luka Modriçi 10 milyon avro məbləğində qiymətləndirir.


