İngiltərənin “Liverpul” klubunun hücumçusu Məhəmməd Salah gələcək karyerasını harada davam etdirəcəyi barədə suallara cavab verib.
Arena.az xəbər verir ki, bu barədə misirli futbolçu “Sky Sports”a danışıb.
O, müqavilənin müddətinin uzadılması məsələsini şərh etmək istəməyib. Salah bunu KİV qarşısında müzakirə etmək istəmədiyini vurğulayıb:
“Biz bundan uzağıq, mən mətbuat qarşısında heç nə demək istəmirəm. Düşündüyüm yeganə xüsus odur ki, mən “Liverpul”un çempionluğu qazanmasını istəyirəm və mən həm də bunun bir parçası olmaq istəyirəm”, – BBC “Sky Sports” dərgisinə istinadən Salahdan sitat gətirir.
Xatırladaq ki, misirli futbolçunun hazırkı klubu ilə əmək müqaviləsinin müddəti 2025-ci ilin yayında bitir. Onunla yanaşı kapitan Vircil van Deyk və vitse-kapitan Trent Aleksander-Arnoldun da müqavilə müddətləri sona çatır.
Məhəmməd Salah 2017-ci ilin iyul ayından “Liverpul”da çıxış edir. İngiltərə nəhəngi həmin vaxt Salahın “Roma”dan transferi müqabilində 42 milyon avro məbləğində xərc çəkib.
Salah cari mövsümdə “qırmızılar”ın heyətində bütün yarışlarda 26 oyuna çıxıb, 20 qol vurub, 17 məhsuldar ötürmə verib.
Məhəmməd Salah cari mövsümdə İngilyərə Premyer Liqasının ən məhsuldar və ən səmərəli oyunçusudur. Misirli ulduzun hesabında Premyer Liqada 17 qol və 13 məhsuldar ötürmə var.
Misirli hücumçunun “Liverpul”un heyətində ümumi statistikası 375 oyun, 231 qol, 105 məhsuldar ötürmədən ibarətdir.
Salah “Liverpul”la bütün mümkün ali klub yarışlarının qalibi olub.
Misirli ulduz həmçinin “Fiorentina”, “Çelsi”, “Bazel” və “Əl-Mukavilun” klublarında çıxış edib.
Xatırladaq ki, Salahın “Liverpul”la cari müqaviləsinin müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulub. O, son açıqlamalarında indiki klubunda sonuncu mövsümünü keçirdiyinə işarə edib.
Məhəmməd Salah hazırda kapitanı olduğu, 2011-ci ilin sentyabr ayında debüt etdiyi Misir yığmasının heyətində 101 oyun keçirib, 58 qol vurub, 33 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 32 yaşlı misirli sağ cinah hücumçusunun transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndirir.


