Məhəmməd Salah Milad təbrikində Fələstindəki faciəni xatırlatdı

“Liverpul”un misirli hücumçusu Məhəmməd Salah Milad təbrikində Yaxın Şərqdə İsrail və Fələstin arasındakı münaqişəni xatırladıb.

Arena.az məlumat verir ki, Salah özünün “X” sosial şəbəkə hesabı üzərindən bu barədə yazıb:

“Milad ailələrin bir araya gələrək qeydetmə məqamıdır. Yaxın Şərqdə davam edən amansız müharibə, xüsusən də Qəzzada ölüm və dağıntılarla əlaqədar, bu il Milad bayramını çox ağrılı bir ürəklə qarşılayırıq və yaxınlarını itirməkdən kədərlənən ailələrin ağrısını paylaşırıq. Xahiş edirəm onları unutmayın və onların əzablarına öyrəşməyin. Milad bayramınız mübarək”, – misirli ulduz dərc edib.

Salah 2017-ci ilin iyulundan “Liverpul”da çıxış edir. İngiltərə nəhəngi Salahın “Roma”dan transferi üçün 42 milyon avro xərc çəkib. Misirli ulduzun “qırımızlar”la müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Salah “qırmızılar”ın heyətində bütün yarışlarda 25 oyuna 16 qol vurub, 8 məhsuldar ötürmə verib. Salahın “Liverpul”un heyətində ümumi statistikası isə belədir: 330 oyun, 202 qol, 87 məhsuldar ötürmə.

Misirli hücumçu “Liverpul”la bütün mümkün ali klub turnirlərinin qalibi olub.

Məhəmməd Salah hazırda kapitanı olduğu, 2011-ci ilin sentyabr ayında debüt etdiyi Misir yığmasının heyətində 93 oyun keçirib, 53 qol vurub, 30 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 31 yaşlı sağ vinger Məhəmməd Salahın transfer dəyərini 65 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: