İngiltərə Premyer Liqasının 14-cü turunun “Nyukasl”la səfər oyunu “Liverpul”un ulduz hücumçusu Məhəmməd Salah üçün əlamətdar olub.
Arena.az xatırladır ki, misirli futbolçu 3:3 hesabı ilə başa çatmış bu oyunda “qırmızılar”ın hər üç qolunda pay sahibi olub.
Belə ki, Salah bu oyunda 1 məhsular ötürmə və 2 qolla fərqlənib.
“Squawka” dərgisinin təqdim etdiyi məlumata görə, Salah İngiltərə Premyer Liqasının tarixində səmərəli fəaliyyətə müvəffəq olduğu oyunların sayına görə yarışın mütləq rekordunu müəyyənləşdirib.
Salah artıq 37 oyunda 2 və ya daha çox səmərəli fəaliyyətə (ən azı 1 qol və 1 məhsuldar ötürmə) nail olub. Bu göstərici üzrə əvvəlki rekord isə “Everton”un və “Mançester Yunayted”in ingilis keçmiş hücumçusu Ueyn Runiyə məxsus idi. Salahın Runidən 214 az oyun keçirməsi də diqqət çəkir.
Salah 13 qolla cari mövsüm İngiltərə Premyer Liqasının ən sərrast qolçusudur. Misirli ulduzun hesabında 8 məhsuldar ötürmə də var.
Məhəmməd Salah 2017-ci ilin iyulundan “Liverpul”da çıxış edir. İngiltərə nəhəngi həmin vaxt Salahın “Roma”dan transferi müqabilində 42 milyon avro məbləğində xərc çəkmişdi.
Misirli ulduzun “qırımızlar”la müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Salah cari mövsümdə “qırmızılar”ın heyətində bütün yarışlarda 21 oyuna 15 qol vurub, 12 məhsuldar ötürmə verib.
Misirli hücumçunun “Liverpul”un heyətində ümumi statistikası isə belədir: 370 oyun, 226 qol, 101 məhsuldar ötürmə.
Salah “Liverpul”la bütün mümkün ali klub yarışlarının qalibi olub. O, “Liverpul” və “Roma”dan başqa, “Fiorentina”, “Çelsi”, “Bazel” və “Əl-Mukavilun” klublarında çıxış edib.
Məhəmməd Salah hazırda kapitanı olduğu, 2011-ci ilin sentyabr ayında debüt etdiyi Misir yığmasının heyətində 101 oyun keçirib, 58 qol vurub, 33 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 32 yaşlı misirli cinah hücumçusunun transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndirir.


