Məhəmməd Salah: “Qənimət qazanmaq üçün hər şeyi edəcəyik”

İngiltərənin “Liverpul” klubunun misirli ulduzu, hücumçu Məhəmməd Salah qənimətlərin əhəmiyyətindən danışıb.

Arena.az xəbər verir ki, o, gələn mövsüm komandasının yarışlarda qələbələrlə azarkeşlərini sevindirmək üçün əlindən gələni edəcəyinə də söz verib:

“Biz qənimətlərin vacib olduğunu bilirik. Bunun gələn mövsüm baş verəcəyinə əmin olmaq üçün əlimizdən gələni edəcəyik. Azarkeşlərimiz buna layiqdirlər və bacardığımız qədər mübarizə aparacağıq”, deyə Salah vurğulayıb.

Qeyd edək ki, 2023/2024 mövsümü “Liverpul” üçün uğursuz alınıb. Komanda mövsümü titul qazanmadan başa vurub. Üstəlik, uzun illərdir bu komandaya rəhbərlik edən Yurgen Klopp İngiltərə klubundan ayrılıb. Gələn mövsümdən “qırmızılar”a Arne Slot rəhbərlik edəcək.

Xatırladaq ki, Məhəmməd Salah 2017-ci ilin iyulundan “Liverpul”da çıxış edir. İngiltərə nəhəngi həmin vaxt Salahın “Roma”dan transferi üçün 42 milyon avro məbləğində xərc çəkmişdi. Misirli ulduzun “qırımızlar”la müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Artıq geridə qalmaqda olan 2023/2024 mövsümündə Salah “qırmızılar”ın heyətində bütün yarışlarda 44 oyuna 25 qol vurub, 14 məhsuldar ötürmə verib. Salahın “Liverpul”un heyətində ümumi statistikası isə belədir: 349 oyun, 211 qol, 89 məhsuldar ötürmə.

Misirli ulduz hücumçu “Liverpul”la bütün mümkün ali klub turnirlərinin qalibi olub. Salah “Liverpul” və “Roma”dan başqa, “Bazel”, “Fiorentina”, “Çelsi”, “Əl-Mukavilun” kimi klubların da formasını geyinib.

Məhəmməd Salah hazırda kapitanı olduğu, 2011-ci ilin sentyabr ayında debüt etdiyi Misir yığmasının heyətində 96 oyun keçirib, 54 qol vurub, 32 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 31 yaşlı misirli vingerin transfer dəyərini 65 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: