Bir neçə gün öncə İspaniya Super Kubokunun qalibi olmuş Madrid “Real”ının 21 oyunluq məğlubiyyətsizlik seriyası qırılıb.
Arena.az xəbər verir ki, bu, İspaniya Kral Kubokunun 1/8 final mərhələsində “Atletiko” ilə oyunda baş verib.
“Metropolitano” stadionunda təşkil olunmuş Madrid derbisində “Atletiko” rəqibinə 4:2 hesabı ilə qalib gələrək, növbəti mərhələyə yüksəlib.
Maraqlıdır ki, “Real” bütün turnirlər daxil olmaqla buna qədər sonuncu dəfə məhz “Atletiko”ya uduzmuşdu. Bu, 2023-cü ilin sentyabrında keçirilən La Liqa matçına (1:3) təsadüf etmişdi.
Karlo Ançelottinin yetirmələri əvvəlki 21 görüşün 18-də qələbə qazanıb, 3 dəfə meydanı heç-heçə ilə tərk ediblər. “Real” “Atletiko”ya məğlubiyyətdən sonra 21 oyunluq məğlubiyyətsizlik silsiləsi çərçivəsində “Las-Palmas (2:0), “Jirona” (3:0), “Napoli” (3:2 və 4:2), “Osasuna” (4:0), “Braqa” (2:1 və 3:0), “Barselona” (2:1 və 4:1), “Valensiya” (5:1), “Kadis” (3:0), “Qranada” (2:0), “Union Berlin” (3:2), “Vilyarreal” (4:1), “Alaves” (1:0), “Malyorka” (1:0), “Arandina” (3:1) və elə, həmin “Atletiko” (5:3) üzərində qələbələrini sıralayıb. “Sevilya” (1:1), “Rayo Valyekano” (0:0) və “Betis”lə (1:1) oyunlardan isə “qaymaqlılar” sülhlə ayrılıblar.
Qeyd edək ki, “Atletiko” ilə yanaşı, “Barselona”, “Jirona”, “Real Sosyedad”, “Selta”, “Malyorka”, “Atletik” və “Sevilya” da İspaniya Kubokunda 1/4 finala adlayıblar.


