Azərbaycanlı hücumçu Mahir Emreli Zaqreb “Dinamo”sunun Xorvatiya çempionatında “İstra 1961” komandasına qarşı keçirdiyi oyunu şərh edib.
Arena.az xəbər verir ki, paytaxt təmsilçisi Xorvatiya çempionatının 2-ci turunda səfərdə qarşılaşdığı bu rəqibə 3:0 hesabı ilə qalib gəlib.
Bu oyunda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalan 26 yaşlı hücumçu matçdan sonra yerli mətbuata açıqlama verib. O, xoşbəxt olduğunu bildirib:
“Çox yaxşı oyun keçirdik. “İstra”ya qarşı həmişə olduğu kimi çətin matç gözləyirdik. Belə də oldu. Biz səfərdən üç xalla qayıtdıq. Bütün oyunçular əllərindən gələni etdilər, o cümlədən yeni futbolçular. Xoşbəxtəm. Həm onlar üçün, həm də 3 xal üçün.
Oyundan əvvəl Luka İvanuşeklə razılaşdıq ki, bir-birimizi tamamlayaq. Baş məşqçinin tələblərini yerinə yetirməyə çalışıram. İndi bizi Astanaya uzun səfər gözləyir. Yaxşı hazırlaşıb, qələbə qazanmalıyıq. Rahat olmamalıyıq.”
“Dinamo”nun baş məşqçisi İqor Bişçan da bu oyundan sonra fikirlərini bölüşüb, həmçinin Mahir haqda danışıb. O, azərbaycanlı forvardın qələbəyə töhfə verdiyini bildirib:
“Start heyətində çoxlu yeni oyunçularımız var idi. Ona görə də, debütantlarla necə görünəcəyimizi fikirləşirdim. Amma hər şey əla alındı. Oynayanların hamısı yaxşı idi. Xüsusən də, yeni gələn oyunçulardan Takuro Kaneko və Maksim Bernauer. Etiraf etmək lazımdır ki, uzun fasilədən sonra əsas heyətdə yer alan və xeyli müddət meydanda olan Mahir Emrelinin nəticəyə ciddi töhfəsi oldu. Biz həqiqətən, bu görüşdə xeyli pozitiv məqam və keyfiyyət gördük”.


