Mahir Emreli Xorvatiya çempionatında debüt etdi

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli Xorvatiya çempionatında debüt edib. Arena.az xəbər verir ki, o, 26-cı tur çərçivəsində Zaqreb “Dinamo”sunun “Şibenik”ə qarşı keçirdiyi ev oyununun iştirakçısı olub.

Paytaxt klubunda ilk dəfə start heyətində meydana çıxan forvard 60-cı dəqiqədə Komnen Andriçlə əvəzlənib. Emreli birinci hissədə “Dinamo”da ilk qolunu vurmağa yaxın olsa da, qüvvətli zərbəsindən sonra top qapı tirinə tuş gəlib.

Qarşılaşma Zaqreb təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları 16-cı dəqiqədə Petar Boçkay, 59-cu dəqiqədə Bruno Petkoviç və 76-cı dəqiqədə Martin Baturina vurublar. Bu qələbədən sonra xallarını 53-ə çatdıran “Dinamo” turnir cədvəlində ilk pilləyə yüksəlib.

Xatırladaq ki, Mahir Emreli qış fasiləsində “Dinamo” ilə 4.5 illik müqavilə imzalayıb. O, bu komandanın heyətində daha öncə Avropa Liqası çərçivəsində baş tutan “Sevilya” (İspaniya) ilə oyunlarda meydana çıxmışdı.