Mahir Emrelinin komandasından darmadağın

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Dinamo” (Zaqreb) Xorvatiya çempionatında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən kollektiv ölkə çempionatının 29-cu turu çərçivəsində “İstra 1961” ilə qarşılaşıb.

Doğma meydanda baş tutan bu oyun “Dinamo”nun qələbəsiylə yekunlaşıb. Mahir Emrelinin komandası hər hissədə iki qol vurmaqla darmadağına imza atıb – 4:1.

Azərbaycanlı futbolçu bu matçın iştirakçısı olmayıb. Cari mövsümdə Xorvatiya çempionatında 4 qol və 3 məhsuldar ötürməsi olan Emreli zədəli olduğu üçün komandasına kömək edə bilməyib. Onun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.

Son Xorvatiya çempionu olan “Dinamo” 29 turdan sonra 60 xalla 10 iştirakçı arasında 2-ci pillədə qərarlaşıb. Komandanın ehtiyatda təxirə salınmış bir oyunu da var. Zaqreblilər lider “Riyeka”dan (65) 5 xal geri qalırlar.

Xatırladaq ki, Mahir Emreli “Dinamo”ya 2022-ci ilin fevral ayında Polşanın “Legiya” (Varşava) klubundan transfer olunub. O, bu komandanın heyətində bütövlükdə 45 matça çıxıb, 10 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub. Karyerası ərzində “Qarabağ”, “Legiya”, “Konyaspor” və “Bakı”da da oynamış hücumçu Azərbaycan millisində keçirdiyi 46 oyunda 5 qol vurub.