“Mançester Siti” Çempionlar Liqası qrup mərhələsinin 6-cı tur oyunundan sonra İngiltərə komandaları arasında müstəsna nailiyyət əldə edib.
Arena.az “OptaJoe” statistik internet-portalına istinadən məlumat verir ki, Mançester təmsilçisi UEFA Çempionlar Liqasında ardıcıl 8 qələbə qazanmış ilk ingilis komandası olub.
Xatırladaq ki, UEFA Çempionlar Liqasının qrup mərhələsinin son turunda “şəhərlilər” “Srvena Zvezda”nı 3:2 hesabı ilə məğlub ediblər. İngiltərə çempionu 6 oyundan mütləq nəticə – 18 xalla qrup lideri olub.
Üstəlik, Mançester nəhəngi cari Çempionlar Liqasının qrup mərhələsinin 6 oyununda rəqib qapılarından 18 qol keçirib. Beləliklə, “şəhərlilər” bu mərhələdə ən çox qol vurmuş kollektiv olublar.
Vurğulayaq ki, “Mançester Siti” ötənilki yarışın final oyununda “İnter”i 1:0 hesabı ilə məğlub edərək, hazırda UEFA Çempionlar Liqasının cari çempionu adını daşıyır.


