“Mançester Siti” ilə bağlı təhqiqatın məxfiliyi narazılığa səbəb oldu

İngiltərə Premyer Liqasının klubları “Mançester Siti” ilə bağlı təhqiqatın məxfi surətdə aparılmasından narazıdırlar.

Arena.az bu barədə “The Telegraph” nəşrinə istinadən məlumat verir.

Söhbət “şəhərlilər”in ittiham edildiyi 115 mailyyə pozuntusu ilə bağlı işinə dair dinləmələrin bağlı qapılar arxasında, məxfi surətdə həyata keçirilməsindən gedir.

Dinləmələr liqa qaydalarına görə bağlı qapılar arxasında keçirilir, iş haqqında məlumat isə məhduddur. Klubların nümayəndələri hesab edirlər ki, işə açıq baxılması şəffaflığı və ictimai etimadı artıra bilər. İdman hüquqşünasları həmçinin, işin bütün iştirakçıları üçün ədalət və hesabatı təmin edəcəyinə inandıqları ictimai dinləmələrin tərəfdarıdırlar.

Klublar həmçinin “Mançester Siti”nin bu iş üzrə cəzalandırılması ilə bağlı öz baxışlarına malikdirlər. Klubların nümayəndələri bu fikirdədirlər ki, maliyyə ədaləti qanunlarını pozulması ittihamı üzrə “şəhərlilər”in təqsirləri sübuta yetirilsə, bu klub üçün birdəfəlik xal silinməsi cəzası, hətta aşağı liqaya göndərilmə kifayət qədər sərt cəza deyil.

Əvəz olaraq, İngiltərə Premyer Liqasının adı açıqlanmayan, nüfuzlu futbol simalarından biri “Mançester Siti”dən ardıcıl bir neçə mövsüm xalların silinməsini təklif edib.

Xatırladaq ki, “Mançester Siti” 2009-2018-ci illər ərzində maliyyə ədaləti qaydalarını pozmaqda ittiham edilir. “Şəhərlilər”in, həyata keçirdikləri maliyyə ödənişlərini tam açıqlamadıqları güman edilir. Təhqiqat 115 müvafiq qanun pozuntusunu aşkar edib. Məhkəmə işi bu pozuntular əsasında açılıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: