“Mançester Siti” oyunçularının törətdiyi rüsvayçılıq aşkar oldu

“Mançester Siti” futbolçularının Çempionlar Liqasının “Feyenoord”la 5-ci tur ev oyunundan sona törətdiyi rüsvayçılıq aşkar olub.

Arena.az xatırladır ki, “şəhərlilər” 3:0 hesabı ilə öndə olduqları bu oyunu son 15 dəqiqə ərzində əldən verərək, 3:3 hesablı heç-heçə ilə barışmalı olublar.

“Daily Mail” nəşrinin məlumatına görə, oyundan sonra paltardəyişmə otağına yollanmış “şəhərlilər” əsl “mədəniyyət” nümunəsi sərgiləyiblər. Əvvəlcə, yolüstü zibil qutularını təpikləmiş “Mançester Siti” futbolçuları, ardınca paltardəyişmə otağına divan tutaraq, əmlaka ziyan vurublar. Su şüşələri divarlara çırpılmaqla yanaşı, qəzəbli futbolçuların əllərinə keçmiş əşyalar ora-bura atılıb, sındırılıb. Qapı arxasndan isə yeddimərtəbəli “söyüşün biri bir qəpik”dən səslənib.

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola isə qəzəbini oyun ərzində baş-gözünə döyüb, üzünə cırmaq atmaqla soyudub. İspan mütəxəssis oyundan sonra paltardəyişmə otağına gedərkən çaşqın görünüb. Həmçinin “Pep” oyun başa çatdıqdan sonra otağında qalıb, baş vermiş hadisələri orada uzun müddət tək-tənha təhlil edib.

5 turdan sonra 8 xal toplamış “Mançester Siti” Çempionlar Liqasının Liqa mərhələsinin yarış cədvəlində 17-ci pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: