“Mançester Siti”nin “işnə baxıldı” – yeni təfərrüat ortaya çıxdı

İngiltərə Premyer Liqasının, hazırkı ölkə çempionu “Mançester Siti”yə qarşı irəli sürdüyü 115 ittiham üzrə dinləmələr başa çatıb.

Arena.az bu barədə “Daily Mail” nəşrinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, təqsirli bilinərsə, Mançester klubu cərimə edilə və hətta aşağı liqaya salına bilər. İngiltərə Premyer Liqası “şəhərlilər”i çoxsaylı maliyyə qaydalarını pozmaqda və sonrakı istintaqla əməkdaşlıq etməməkdə ittiham edib. İş üzrə yekun dəlillər cümə günü, dekabrın 6-da təqdim edilib. Üç nəfərdən ibarət komissiya tezliklə hökm çıxarmazdan əvvəl müvafiq sənədləri nəzərdən keçirəcək. Razılıq əldə edilməzsə, tərəflərdən hər biri gözlənilən hökmdən apellyasiya şikayəti verə bilərlər. Bu halda yekun qərar növbəti mövsümün sonundan tez verilməyə bilər. İddia edilir ki, “şəhərlilər”in təqsirləndirildiyi qayda pozuntuları 14 il ərzində baş verib.

Bu arada “The Times” nəşri “Mançester Siti”nin daha əvvəl olduğu kimi 115 maliyyə ədaləti qaydasının pozulmasında deyil, 130 qayda pozuntusunda ittiham edildiyi haqda məlumatı paylaşıb. Əvvəllər kluba qarşı 115 qayda pozuntusu ilə bağlı ittiham irəli sürülsə də, müəyyən qaydalarla qarışıqlıq üzündən düzəliş edilməli olduğu bildirilirdi ki, bu da təsdiqlənib.

Qərarların yanvarda açıqlana biləcəyi, amma apellyasiya şikayətinə görə yekun hökmün növbəti mövsümə qədər təxirə salına biləcəyi də qeyd edilib. Müraciətin həlli altı aydan səkkiz aya qədər çəkə bilər. Daha əvvəl xəbər verildiyi kimi, klubun aşağı liqaya salınması ilə bağlı qərar qəbul edilərsə, apellyasiya şikayəti, bu qərarı baxılmasına qədər dayandıra bilər.

15 oyundan 27 xal toplamış “Mançester Siti” İngiltərə Premyer Liqasının yarış cədvəlində 4-cü pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: