“Mançester Yunayted” 1986-cı ildən bəri ilk dəfə mövsümün açılışında keçirdiyi 10 oyunun 6-da məğlubiyyətlə üzləşib.
Arena.az məlumat verir ki, müvafiq statistikanı RED VLOG dərgisi təqdim edib.
Dünən, oktyabrın 3-də “qırmızı şeytanlar” Çempionlar Liqasının A qrupunun 2-ci turu çərçivəsində “Qalatasaray”ı qəbul ediblər və 2:3 hesabı ilə məğlub olublar.
Buna qədər “Mançester Yunayted” Premyer Liqa çərçivəsində üç London təmsilçisindən – “Tottenhem” (0:2), “Arsenal” (1:3) və “Kristal Pelas”dan (0:1) acı yeyib, ardınca isə “Brayton”a (1:3) yenilib. Çempionlar Liqasının açılış turunda isə “Bayern” “qırmızı şeytanlar”ı prinsipial oyunda 4:3 hesabı ilə məğlub edərək, Münhendən peşman yola salıb.
Xatırladaq ki, geridə qalmış 2022/2023 mövsümündə MY Premyer Liqanı 3-cü pillədə bitirib, həmçinin İngiltərə Liqa Kubokunun qalibi olub.
Yeri gəlmişkən, İngiltərə klubunun futbolçusu Rasmus Hoylund Erlinq Halanndan (19 yaş 73 gün) sonra UEFA Çempionlar Liqasının ilk iki matçında qol vuran ən gənc oyunçudur. O, 20 yaş 241 günlüyündə bunu bacarıb.
Həmçinin “Old Trafford” Türkiyə klublarının avrokubok tarixində 3 dəfə qələbə qazandıqları yeganə stadion kimi tarixə düşüb. “Mançester Yunayted” 1996-cı ildə “Fənərbaxça”ya, 2009-cu ildə “Beşiktaş”a doğma arenasında 0:1 hesabı ilə uduzub.


