“Mançester Yunayted” ÇL-də antirekord sahibi oldu

“Mançester Yunayted” Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda “Qalatasaray”la oyunda (3:3) mütləq antirekord sahibi olub.

Arena.az “Opta Sports” statistik internet-portalına istinadən məlumat verir ki, “qırmızı şeytanlar”ın “Qalatasaray”dan “yediyi” 3 qol İngiltərə klubu üçün xoşagəlməz mənada əlamətdardır.

Belə ki, mançesterlilərin qrup mərhələsinin 5-ci turundan sonra buraxdığı qolların sayı 14-ə çatıb. Müvafiq nəticə turnirin bu mərhələsində İngiltərə komandalarının ən pis göstəricisi kimi tarixə düşüb. Daha əvvəl “Mançester Yunayted” Çempionlar Liqasının 5-ci turundan sonra 11 qol buraxmışdı və bu göstəricidə “Tottenhem”lə şərikli antirekordçu idi.

Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turundan sonra buraxılmış qolların sayına görə İngiltərə komandalarının antirekordçularını təqdim edirik:

14 qol – “Mançester Yunayted” (2023/2024);
11 qol – “Mançester Yunayted” (1994/1995);
11 qol – “Tottenhem” (2019/2020);
10 qol – “Mançester Yunayted” (1998/1999);
10 qol – “Mançester Siti’ (2012/2013);
10 qol – ”Arsenal” (2015/2016).

5 turdan sonra “Mançester Yunayted” Çempionlar Liqasının “A” qrupunda 4 xalla autsayderdir. “Bayern” 13 xalla qrupun lideridir. “Kopenhagen” və “Qalatasaray” 5 xalla müvafiq olaraq 2-ci və 3-cü yerləri bölüşdürürlər. Sonuncu, 6-cı turda “Mançester Yunayted” “Bayern”i qəbul edəcək. “Qalatasaray” isə “Kopenhagen”ə qonaq olacaq. Göründüyü kimi, İngiltərə nəhənginin turnirin ələmə mərhələsinə yüksəlmək imkanı öz əlində deyil.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: