“Mançester Yunayted” Erik ten Haqın istefasını düşünmür

“Mançester Yunayted” komandanın qeyri-qənaətbəxş nəticələri mənzərəsində baş məşqçi Erik ten Haqın istefası haqda xəbərləri təkzib edib.

Arena.az italyan jurnalist-insayder Fabrisio Romanoya istinadən məlumat verir ki, İngiltərə nəhəngi holland mütəxəssisin əvəz edilməsini nəzərdən belə, keçirmir.

“Mançester Yunayted” nəzəri olaraq Erik ten Haqı əvəz edə biləcək digər mütəxəssislərlə əlaqəsini də inkar edir. Klub rəhbərlərinin “qırmızı şeytanlar”a yeni baş məşqçi təyin etmək istəyi ilə bağlı yayılan bütün məlumatların yalan olduğunu vurğuladığı bildirilir.

Xatırladaq ki, daha öncə mətbuatda “Mançester Yunayted”in, holland mütəxəssisin mümkün əvəzləyiciləri kimi “Sportinq”in portuqal baş məşqçisi Ruben Amorimi və ya “Real”ın fransalı sabiq çalışdırıcısı Zinəddin Zidanı nəzərdən keçirdiyi barədə məlumatlar yayılmışdı.

“The Athletic” dərgisi də iddia edir ki, MY Ten Haqı tezliklə işdən çıxarmaq fikrində deyil, amma klub baş məşqçinin bacarıqlarına şübhə etməyə başlayır. Mənbənin məlumatına görə, Mançester klubunda bəzi şəxslər Erik ten Haqın Premyer Liqanın tələblərinə tam uyğunlaşmadığını düşünürlər. Digərləri Ten Haqın yaxşı məşqçi olduğuna inanırlar, amma “Mançester Yunayted”in düşdüyü vəziyyətdə komandanı bu girdabdan çıxara biləcək şəxs olmadığı qənaətindədirlər.

Erik ten Haq Mançester təmsilçisini 2022-ci ilin iyulundan çalışdırır. 53 yaşlı mütəxəssisin klubla müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Geridə qalmış 2022/2023 mövsümündə Ten Haq “qırmızı şeytanlar”a İngiltərə Liqa Kubokunu qazandırıb.
Ten Haq “Mançester Yunayted”in sükanı arxasında 77 oyunda 49 qələbə qazanıb, 20 oyunda məğlub olub, 8 oyundan isə sülhlə ayrılıb.

“Mançester Yunayted”in işləri heç də qaydasında getmir və mankunianlar mübarizə apardığı bütün cəbhələrdə mövsümöncəsi gözləntilərin əksinə olaraq, uğursuzluğa düçar olublar. “Qırmızı şeytanlar” mövsümün ilk 15 oyunundan 8-də məğlubiyyət alıblar. Komandanın bərbad nəticələri tarixi uğursuzluq rekordları ilə müşayiət edilir.

İngiltərə nəhəngi Premyer Liqada 10 turdan sonra 15 xalla 8-ci pillədədir. Komanda Çempionlar Liqasında 3 turdan sonra 3 xalla qrup 3-cüsüdür. Son olaraq MY İngiltərə Liqa Kubokunda “Nyukasl”a 0:3 hesabıyla uduzaraq mübarizəni dayandırıb. Buna qədər “Mançester Siti” Premyer Liqa çərçivəsində derbidə “qırmızı şeytanlar”ı 3:0 hesabıyla məğlub etmişdi.

Xəbəri sosial şəbəkələrdə paylaş: