“Mançester Yunayted” 5 ay əvvəl klubun idman direktoru vəzifəsinə təyin edilmiş Den Eşuortla yollarını ayırdığını açıqlayıb.
Arena.az bu barədə İngilərə klubunun rəsmi saytına istinadən məlumat verir:
“Den Eşuort qarşılıqlı razılıq əsasında klubun idman direktoru vəzifəsini tərk edir. Klub üçün bu keçid dövründə işinə və dəstəyinə görə Dena təşəkkür etmək istərdik. Ona gələcək üçün ən yaxşısını arzulayırıq”, – “qırmızı şeytanlar”ın rəsmi bəyanatında deyilir.
Daha əvvəl mətbuatda, Eşuortun “Mançester Yunayted”dən ayrılmaq qərarının İngiltərə Premyer Liqasının 15-ci turunun “Nottingem Forest”lə ev oyunundan (2:3) sonra, klub rəhbərliyi ilə dialoq zamanı qəbul edildiyi barədə məlumatlar yayılıb.
Bu arada “talkSPORT” radiosu Den Eşuortun istefa qərarının pərdəarxası məqamları ilə bağlı məlumatı səsləndirib. Bildirilir ki, Eşuort demək olar ki, klubdakı ilk günündən özünü mühüm qərarların qəbulunda kənarda hiss etdiyi üçün bu vəzifəni tərk edib.
Mənbənin məlumatına görə, Eşuort “qırmızı şeytanlar”ın icraçı direktoru Omar Berrada ilə şəxsi qarşıdurma yaşayıb. Portuqal mütəxəssis Ruben Amorimin “Mançester Yunayted”in yeni baş məşqçisi təyin edilməsinin təşəbbüskarı Berrada olub. Eşuort isə ingilis mütəxəssis Qaret Sautqeytin kluba dəvət edilməsinin tərəfdarı olub.
Oktyabrın 28-də istefaya göndərilmiş niderlandlı mütəxəssis Erik ten Haqın keçən yay müqaviləsinin müddətinin uzadılmasında Eşuortun əsas rol oynadığı vurğulanır.
İngiltərə Premyer Liqasının 15 turundan sonra 19 xal toplamış “Mançester Yunayted” yarış cədvəlinin 13-cü pilləsində qərarlaşıb.


