“Mançester Yunayted” son 94 ilin antirekorduna imza atdı

İngiltərə Premyer Liqasının 19-cu turunda “Nyukasl”a ev 0:2 hesablı ev məğlubiyyəti “Mançester Yunayted” üçün antirekordla əlamətdar olub.

Arena.az məlumat verir ki, beləliklə, ümumilikdə bütün dekabr ayı ərzində “qırmızı şeytanlar” bütün yarışlar çərçivəsində 6 məğlubiyyətlə üzləşiblər.

“Opta Sports” statistik internet-portalının məlumatına görə, bu, Mançester təmsilçisinin son 94 ildə mütləq antirekordudur. Müvafiq biabırçılıq 1930-cu ilin sentyabr ayından sonra baş verməyib. O zaman isə “qırmızı şeytanlar”ın vəziyyət daha da ağır olub. MY bir ay ərzində 7 məğlubiyyət yaşayıb.

19 oyundan 22 xalla “Mançester Yunayted” İngiltərə Premyer Liqasının yarış cədvəlində 14-cü pillədə qərarlaşıb. “Nyukasl” isə 32 xalla 5-ci pillədədir.

İngiltərə Premyer Liqasına 18 oyundan 45 xalla “Liverpul” başçılıq edir.