“Mançester Yunayted”in mətbuat xidməti rəsmi açıqlama yayıb ki, İngiltərə klubu Avropa Super Liqasının yaradılmasını dəstəkləmir.
Arena.az xatırladır ki, bu gün Avropa Məhkəməsi FIFA və UEFA-nın 2021-ci ildə Super Liqanın yaradılmasını qadağan edən fəaliyyətini qanunsuz kimi tanıyıb.
“Bizim fikrimiz dəyişməyib. Biz UEFA-nın himayəsi altında keçirilən yarışlarda iştirak etməyə və klub futbolunu daha da inkişaf etdirmək üçün bu təşkilat, Premyer Liqa və Avropa Klublar Assosiasiyası ilə birlikdə digər komandalarla hər cür əməkdaşlığa tam sadiqik”, – klubun rəsmi bəyanatında deyilir.
Xatırladaq ki, ilkin olaraq Super Liqanın yaradılması layihəsinə Avropanın 12 yüksək səviyyəli klubu dəstək vermişdi. “Mançester Yunayted” də onlardan biri idi. Hazırda Super Liqanın iştirakçıları siyahısında yalnız “Real” və “Barselona” qalıb. Məhkəmənin qərarına müvafiq olaraq, Super Liqanın keçiriləcəyi halda, İspaniya komandaları Çempionlar Liqası, Avropa turnirləri və ya FIFA yarışlarından kənarlaşdırıla bilməzlər.


