“Mançester Yunayted”in iki azarkeşi saxlanıldı

İngiltərə Kubokunun 1/4 finalında “Liverpul”la oyunda (4:3) təhqiramiz şüarlar səsləndirmiş iki “Mançester Yunayted” azarkeşi saxlanılıb.

Arena.az bu barədə ESPN portalına istinadən məlumat verir.

Mənbənin məlumatına görə, “Mançester Yunayted”in azarkeşləri 1989-cu ilin aprelində İngiltərə Kubokunun yarımfinalında “Liverpul” və “Nottingem Forest” arasında keçirilmiş oyundan əvvəl “Hillsboro” stadionunda da baş vermiş faciəni məsxərəyə qoyublar. O vaxt izdiham 97 “Liverpul” azarkeşinin ölümünə və yüzlərlə azarkeşin yaralanmasına səbəb olub.

Öz növbəsində İngiltərə Premyer Liqası bu azarkeşlərin davranışını kəskin surətdə pisləyərək, onların oyununda futbol faciələrini təhqir etməyə yer olmadığını bildirib:

“Bizim oyunumuzda futbol faciələrini təhqir etməyə yer yoxdur. Biz müvafiq davranışı qətiyyətlə pisləyirik və təqsirkarlar məsuliyyətə cəlb ediləcəklər. Premyer Liqa, Futbol Assosiasiyası və İngiltərə Futbol Liqası oyunların təhlükəsiz və xoş keçməsini təmin etmək üçün azarkeşləri müsbət yollarla dəstək göstərməyə təşviq edirlər”, – İngiltərə Premyer Liqasının “X” sosial şəbəkə hesabı üzərindən dərc edilmiş bəyanatda deyilir.