“Mançester Yunayted”in yeni sərmayəçilərinin planları bilindi

İngiltərə nəhəngi “Mançester Yunayted”i yenidən uğur zirvəsinə qaldırmaq üçün klubda və komandada yüksək idman ölçüləri tətbiq ediləcək.

Arena.az “Daily Mail” dərgisinə istinadən məlumat verir ki, “Mançester Yunayted”də 25% pay əldə etmiş INEOS şirkətinin sədri Ser Cim Retkliff və həmçinin şirkətin idman direktoru Deyv Breylsford “qırmızı şeytanlar”ın Kerrinqtonda yerləşən təlim-məşq bazasına baş çəkiblər.

Onlar komandanın baş məşqçisi, holland mütəxəssis Erik Ten Haq başda olmaqla, klubun heyəti ilə görüşüblər.

Məlumata görə, bu görüşlər zamanı Retkliff və Breylsford “Mançester Yunayted”in işçilərinə bildiriblər ki, onların layihəsinin məqsədi “qırmızı şeytanlar”ın sabiq baş məşqçisi, şotland mütəxəssis Ser Aleks Ferqyusonun vəzifəsi dövründə klubda və komandada mövcud olan yüksək idman və futbol ölçülərini təyin etməkdir. Onların məqsədi həm də bu komandanı şotland mütəxəssisin rəhbərlik etdiyi dövrdə olduğu kimi, zirvəyə qaytarmaqdır.

Cim Retklifin Erik ten Haqla şəxsi söhbət etdiyi xüsusilə vurğulanır. Daha əvvəl holland mütəxəssis özü bu görüş haqda ümumən danışsa da, söhbətin əsas təfərrüatı gizli olaraq qalır.

Xatırladaq ki, Aleks Ferqyuson 1986-2013-cü illərdə mankunianlıları çalışdırıb. Bu müddətdə “Mançester Yunayted” 13 dəfə İngiltərə çempionu olub. Həmçinin “qırmızı şeytanlar” 5 dəfə İngiltərə Kubokunu, 4 dəfə İngiltərə Liqa Kubokunu, 10 dəfə İngiltərə Super Kubokunu, 2 dəfə UEFA Çempionlar Liqasını qazanıblar.

Ümumilikdə, Aleks Ferqyusonun rəhbərliyi altında “qırmızı şeytanlar” bütün turnirlərdə 1476 oyun keçiriblər. Ser Aleks Ferqyuson “Mançester Yunayted”i dünya futbolunun zirvəsinə qaldırmaqla yanaşı, klubda müasir futbol ölçülərini müəyyən edib. Əbəs deyil ki, Ferqyusonun “qırmızı şeytanlar”dan ayrılmasından sonra klub bir müddət iddiasını sürdürsədə, hazırda futbol səhnəsində tarixən ən pis dövrünü yaşayır.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: