Çempionlar Liqasının 1/4 finalının cavab görüşündə “Arsenal”a qarşı oyun (1:0) “Bayern”in alman qapıçısı Manuel Noyer üçün əlamətdar olub.
Arena.az “Opta Sports” statistik-internet portalına istinadən məlumat verir ki, Noyer bu oyunda qol buraxmamaqla, qitənin ən mötəbər klub yarışında mütləq rekorda imza atıb.
Belə ki, bu oyun Noyerin Çempionlar Liqasında 58-ci “quru” oyunu olub.
Çempionlar Liqasında “quru” oyunların sayına görə qapıçıların ilk beşliyini təqdim edirik:
- Manuel Noyer – 58 oyun;
- İker Kasilyas – 57 oyun;
- Canluici Buffon – 52 oyun;
- Edvin van der Sar – 50 oyun;
- Petr Çex – 47 oyun.
Xatırladaq ki, Noyer “Şalke”nin yetirməsidir. Alman qapıçı 2011-ci ilin iyulundan “Bayern”də çıxış edir. O, Münhen klubuna 30 milyon avro müqabilində elə, “Şalke”dən transfer edilib.
Noyerin münhenlilərlə cari müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Almaniya nəhəngi komandanın kapitan sarğısını məhz veteran Noyerə etibar edib.
Cari mövsümdə Noyer “Bayern”in heyətində bütün yarışlarda 26 oyuna çıxıb, 30 qol buraxıb, 10 oyunda qapısının toxunulmazlığını təmin edib.
Manuel hazırda kapitanı olduğu, 2009-cu ilin iyununda debüt etdiyi Almaniya yığmasının heyətində 117 oyun keçirib, 113 qol “yeyib”, 48 oyundan “quru” qurtulub.
Manuel Noyer futbol uğurlarına məhz “Bayern”də çıxış etdiyi müddətdə nail olub. “Bayern”lə Noyer 11 dəfə Bundesliqanın, 6 dəfə Almaniya Kubokunun, 7 dəfə Almaniya Super Kubokunun, 2 dəfə Çempionlar Liqasının, 2 dəfə UEFA Super Kubokunun, 2 dəfə FIFA Klub Dünya Kubokunun qalibi olub. Həmçinin Maneul 2 dəfə (2011, 2014) Bundesliqada mövsümün futbolçusu seçilib.
Alman qapıçı “bundestim”lə DÇ-2014-ün qalibi olub. Noyerin həmçinin Almaniyanın U-21 yığması ilə Avropa çempionatını (2009) qazanıb.
“Transfermarkt” internet-portalı 38 yaşlı alman qapıçının transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.


