Mario Balotelli: “Çindən gələn elə bir təklifi rədd etdim ki…”

Qalmaqallı təbiəti ilə tanınan İtaliya yığmasının sabiq hücumçusu, hazırda “Syon”da çıxış edən Mario Balotelli transfer xatirəsini paylaşıb.

Arena.az bu barədə “Corriere dello Sport”a istinadən məlumat verir.

Balotelli bir vaxtlar Çindən ona gəlmiş çox səxavətli bir təklifi geri çevirdiyini etiraf edib. Marionun sözlərinə görə, çinlilərin təklifləri hazırda bir çox ulduzların Səudiyyə Ərəbistanı klubları ilə bağladıqları müqavilələrdən qat-qat yüksək olub:

“Mən ərəb rəqəmlərindən xeyli artıq olan Çin təklifindən imtina etdim. O zaman mən futbol oynamağı və Marsel “Olimpik”ində qalmağı seçdim”, deyə Balotelli bildirib.

Balotelli “Syon”a 2022-ci ilin avqustunda Türkiyənin “Adana Dəmirspor” klubundan keçib. Tərəflər arasında müqavilənin müddəti 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.
Ümumilikdə Balotelli “Syon”un heyətində 19 oyuna çıxıb, 6 qol vurub. Hücumçu əvvəllər “Monza”, “Breşiya”, “Olimpik” (Marsel), “Nitsa”, “Liverpul”, “Milan”, “Mançester Siti” və “İnter”də də çıxış edib.

Mario Balotelli 2010-cu ilin avqustunda debüt etdiyi İtaliya yığmasının heyətində 36 oyun keçirib, 14 qol vurub, 5 məhsuldar ötürmə verib.

Xatırladaq ki, Balotelli əsasən pis xasiyyəti ilə tanınır. O, demək olar ki, hər klubda komanda yoldaşları və məşqçiləri ilə münaqişələr yaşayıb. Meydandan kənarda onun başına daim qalmaqallı və ya gülməli hadisələr gəlir. Mario meydanda da tez-tez sarı vərəqələr almağa, hakimlə dilləşməyə və oyundan qovulmağa meyllidir.
Həmçinin futbol mütəxəssisləri Balotellini bir futbolçu kimi təhlil edərkən, onun istedadını və oyun potensialını kifayət qədər tərəqqi etdirə bilmədiyi haqda yekdil qənaətə dayanırlar.

“Transfermarkt” internet-portalı 32 yaşlı Mario Balotellini 1,5 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: