“Latsio”nun baş məşqçisi Maurisio Sarri 2018/2019 mövsümünün sonunda “Çelsi”ni tərk etdiyinə görə peşman olduğunu etiraf edib.
Arena.az italyan mütəxəsəssisin bu barədə fikirlərini təqdim edir:
“Yuventus”da məndən UEFA Çempionlar Liqasını qazanmağı tələb etdilər, rəhbərliyin ismarışı açıq idi. Ən yaxşı illəri keçmişdə olan bir komanda ilə skudetto qazanmağı bacardım. Rəhbərlik oyun tərzini dəyişmək istəyirdi, amma əzmkarlıq yox idi.
Bircə onu deyə bilərəm ki, “Çelsi”dən ayrılarkən səhv etmişəm. İtaliyaya qayıtmaq mənim tərəfimdən yanlış qərar idi”, deyə Sarri etiraf edib.
Xatırladaq ki, Sarri “Çelsi”yə 2018/2019 mövsümündə rəhbərlik edib. Həmin vaxt o, London klubuna Avropa Liqasını qazandırıb.
Maurisio Sarri 2021-ci ilin iyun ayından “Latsio”ya rəhbərlik edir. 64 yaşlı mütəxəssis bu komandanı indiyə qədər 114 oyuna çıxarıb. Paytaxt təmsilçisi bu görüşlərdə 54 qələbə qazanıb, 28 heç-heçə edib və 32 məğlubiyyətə üzülüb. Sarrinin indiki klubu ilə müqaviləsi 2025-ci ilin yayına qədər qüvvədə olacaq.
Sarri daha öncə “Çelsi”dən başqa “Yuventus”, “Napoli”, “Empoli” kimi klubların da sükanı arxasında çalışıb.


