Futbol üzrə Əlcəzair yığmasının və Birləşmiş Ərəb Əmirliklərinin “Xor Fakkan” klubunun yarımmüdafiəçisi Mehdi Abeyd “Başakşəhər”ə keçib.
Arena.az xəbər verir ki, bu barədə Türkiyə klubunun mətbuat xidməti məlumat yayıb.
30 yaşlı futbolçu ilə 2+1 illik müqavilə imzalandığı diqqətə çatdırılıb. O, yeni komandasında 19 nömrəli formanı geyinəcək. Azad agent statusu daşıyan futbolçuya görə əlavə ödəniş edilməyəcək.
Fransada dünyaya göz açan Mehdi Abeyd peşəkar futbola “Lans”da başlayıb. Daha sonra o, “Nyukasl”, “Sent Conston”, “Panatinaikos”, “Dijon”, “Nant” və “Əl-Nəsr” kimi klublarda forma geyinib. Yarımmüdafiəçi 2022-ci ilin sentyabrından “Xor Fakkan”da çıxış edirdi. O, bu komandada 28 oyuna 3 qol və 5 assistlə yadda qalıb. Fransanın aşağı yaş qrupları üzrə yığmalarında oynasa da, 2015-ci ildə Əlcəzairin əsas millisində debüt edən Abeyd, bu komandada 19 oyuna çıxıb, 1 qol vurub.
“Başakşəhər”də sağ cinah müdafiəçisi Şener Özbayraklı ilə də yeni müqavilə imzalanıb. Onun əvvəlki sözləşməsi iyunun 30-da bitmişdi. 33 yaşlı futbolçu ilə 1 illik yeni müqavilə imzalanıb.
Şener Özbayraklı 2021-ci ildən “Başakşəhər”in uğurları üçün çalışır. Təcrübəli müdafiəçi İstanbul təmsilçisinin heyətində 29 oyun keçirib. O, daha öncə “Fənərbaxça”, “Buraspor” və “Şafakspor” və “Qalatasaray” kimi klubların da formasını geyinib, Türkiyə millisində 19 oyun keçirib.
“Başakşəhər” müdafiəçisi Frensis Nzabanı da “Gənclərbirliyi”nə icarəyə verib. Konqodan olan 20 yaşlı futbolçu qarşıdakı mövsümün sonuna qədər TFF 1-ci liqada mübarizə aparacaq.
2022-ci ilin yayında “Başakşəhər”ə cəlb olunmuş Nzaba bu klubun əsas komandasında 3 oyun keçirib. Ötən mövsüm gənc futbolçu Gürcüstanın “Dinamo” (Tiflis) klubuna da icarəyə verilmişdi.
“Başakşəhər” digər futbolçularından Məhəmməd Emin Sarıkayanın “Ümraniyəspor”a, Enes Karakuşun isə “1461 Trabzon” klubuna icarəyə verildiyini də açıqlayıb. Hər iki futbolçu qarşıdakı mövsümün sonuna kimi icarədə olacaq.


