Mikel Arteta: “Arsenal”da xoşbəxtəm, hər kəs xoşbəxtdir”

“Arsenal”ın baş məşqçisi Mikel Arteta klubla müqaviləsinin müddətinin uzadılması ilə bağlı yeni xəbərin olub-olmaması haqda sualı cavablayıb.

Arena.az xatırladır ki, ispaniyalı mütəxəssisin “topçular”la hazırkı müqaviləsi 2025-ci ilin yayına qədər nəzərdə tutulub.

“Yox, xəbər yoxdur. Amma burada həqiqətən xoşbəxtəm. Daha bir il müqaviləm var ki, bu da futbolda uzun müddətdir. Futbolçular xoşbəxtdirlər, klub xoşbəxtdir, heç bir fəsadımız yoxdur. Mən yalnız oyunlara və qalibiyyətə köklənmişəm, hazırda ən vacibi budur”, deyə Arteta vurğulayıb.

Yeri gəlmişkən, Arteta 2023/2024 mövsümündə İngiltərə Premyer Liqasının qalibi olmaq imkanlarını qorumaq üçün komandasının nə etməli olduğu haqda sualı da cavablayıb:

“Hər oyunda qalib gəlmək? Bilmirəm. Amma çox yaxın bir şey mütləq olmalıdır. Digər komandaların səviyyəsini, göstərdikləri sabitliyi görəndə, həmçinin bu çempionluğu qazanmaq üçün nə lazım olduğunu biləndə başa düşürsən ki, hər oyunda qalib gəlmək sənə lazım olanıdır”.

Xatırladaq ki, Mikel Arteta 2019-cu ilin dekabr ayından “Arsenal”a rəhbərlik edir. Bu müddətdə o, “topçular”ı dirçəldib və rəqabətəqadir, tərəqqi etməkdə olan kollektivə çevirə bilib.

Artetanın rəhbərliyi altında “Arsenal” 2019/2020 mövsümündə İngiltərə Kubokunu, həmçinin 2 dəfə İngiltərə Super Kubokunu (2020, 2023) qazanıb.

“Arsenal” Artetanın rəhbərliyi altında indiyə qədər 221 oyun keçirib. “Topçular” bu görüşlərdə 133 qələbə qazanıblar, 33 heç-heçə ediblər və 55 məğlubiyyətə üzülüblər.

“Arsenal” İngiltərə Premyer Liqasında 30 turdan sonra 68 xalla vahid liderdir. Bu komandanı bir oyun az keçirmiş “Liverpul”la son çempion “Mançester Siti” izləyirlər. Hər iki komandanın hesabında 67 xal var.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: