Mikel Arteta “Arsenal”ın tarixi rekordunu müəyyənləşdirdi

İngiltərə Premyer Liqasının “Tottenhem”lə 4-cü tur səfər oyununda qələbə (1:0) “Arsenal”ın baş məşqçisi Mikel Arteta üçün əlamətdar olub.

Arena.az bu məlumat verir ki, “mahmızlar” üzərində bu səfər qələbəsi sayəsində ispan mütəxəssis “Arsenal”ın məşqçiləri arasında tarixi rekord müəyyənləşdirib.

Belə ki, Artetanın çalışdırdığı “topçular” İngiltərə Premyer Liqasında “Tottehem”lə oyunlarda ardıcıl 3-cü səfər oyunundan qələbə gətiriblər ki, bu da indiyə qədər heç bir mütəxəssisə müyəssər olmamışdı.

İspan mütəxəssis tarixi uğurunu şərh edib:

“Bizim bir çox insanı sevindirmək və qürurlandırmaq üçün güc-qüvvətimiz var. Bunun burada ardıcıl üçüncü səfər qələbəmiz olduğunu nəzərə alsaq, bu günü bayrama çevirmişik. Bu, çox şey deməkdir.

Düşünürəm ki, müvafiq nəticələrə nail olmaq üçün bu liqada çox şeyi düzgün icra etməliyik. Bu, əladır, qalib olmağı sevirəm. Xüsusən də başqalarını həqiqətən qürurlandıranda və sevindirəndə”, – “Arsenal”ın rəsmi saytı Artetadan sitat gətirir.

4 turdan 10 xal toplamış “Arsenal” Premyer Liqanın yarış cədvəlində 2-ci pillədə qərarlaşıb. “Tottenhem” isə 4 xalla 13-cü pillədədir. Premyer Liqaya 12 xalla “Mançester Siti” başçılq edir.

Xatırladaq ki, Arteta “Arsenal”ın sükanı arxasına 2019-cu ilin dekabrında keçib. Bundan əvvəl ispan mütəxəssis həmyerlisi, “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiolanın məşqçilər qərargahında çalışıb.

Arteta “Arsenal”ı 235 oyuna çıxarıb, 143 qələbə sevinci, 35 heç-heçə və 57 məğlubiyyət acısı yaşayıb. İspan mütəxəssisin “topçular”ı rəqib qapılarına 457 top vurublar, öz qapılarında isə 247 qol görüblər.

Mikel Arteta “Arsenal”a sükanı arxasında ilk mövsümdəcə İngiltərə Kubokunu (2019/2020) və 2 dəfə İngiltərə Super Kubokunu (2020/2021, 2023/2024) qazandırıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: