“Arsenal”ın baş məşqçisi, ispan mütəxəssis Mikel Arteta gələcəkdə vətənində – İspaniyada işləmək istədiyini bildirib.
Arena.az məlumat verir ki, Arteta bu barədə İspaniya səfirliyində çıxışı zamanı danışıb:
“Hər zaman düşünürdüm ki, nə vaxtsa qayıdacağam. Mən ölkəmi çox sevirəm: həyat tərzimizi, ünsiyyətimizi, mədəniyyətimizi. Ona görə də həmişə bunu beynimdə saxlayıram. Amma mən burada xoşbəxtəm (“Arsenal”da – redaktorun qeydi), onların mənə münasibəti xoşuma gəlir və işimdən çox razıyam. Buna rəğmən, mənə elə gəlir ki, nə vaxtsa qayıdacağam, bütün həyatımı vətənimdən kənarda keçirmək fikrində deyiləm”, deyə Arteta vurğulayıb.
Arteta səfirlikdə çıxışı zamanı, İspaniya Krallığına göstərdiyi xidmətlərə və beynəlxalq əlaqələrin inkişafına verdiyi töhfəyə görə təqdim edilən Katolik İzabella ispan ordeni ilə təltif edilib.
Mikel Arteta “Arsenal”ı 2019-cu ilin dekabr ayından çalışdırır. Bu müddətdə ispan mütəxəssis “topçular”ı dirçəldib və rəqabətəqadir, tərəqqi etməkdə olan kollektivə çevirə bilib. Artetanın “Arsenal”la müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. İspan mütəxəssisin rəhbərliyi altında “Arsenal” 2019/2020-ci illər mövsümü İngiltərə Kubokunu və 2 dəfə İngiltərə Super Kubokunu (2020, 2023) qazanıb.
Vurğulayaq ki, “Arsenal” 42 yaşlı Mikel Arteta məşqçilik karyerasında ilk komandadır. İspan mütəxəssis indiyə qədər “topçular”ı 230 “döyüş”ə çıxarıb. 139 qələbə qazanmış “Arsenal” 34 heç-heçə edib və 57 məğlubiyyət acısı yaşayıb.


